www.science.az
14.03.2019 16:47

“Türk dilləri araşdırmaları” toplusu nəşr olunacaq

Martın 14-də AMEA Humanitar Elmlər Bölməsinin (HEB) növbəti ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda ilk olaraq Prezident İlham Əliyevin görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı sərəncamlarının icrası məsələsinə baxılıb. Akademik İ.Həbibbəyli dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik, akademik Həmid Araslının 110 illik yubileyləri ilə əlaqədar bölməyə daxil olan elmi müəssisələrdə keçirilən tədbirlərdən danışıb. Alim silsilə tədbirlərin ilin sonunadək davam edəcəyini bildirib.

Daha sonra HEB-ə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 nəfər qəbul olunub. Müzakirələrdən sonra bölmə dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Tədbirdə "Türk dilləri araşdırmaları" toplusunun nəşri məsələsinə baxılıb. Bildirilib ki, toplu Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi tərəfindən hazırlanıb. İclasda nəşrin çapı ilə bağlı müvafiq qərarlar verilib.

Bölmənin növbəti qərarı ilə filologiya elmləri doktoru Məhərrəm Qasımlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri vəzifəsinə təsdiq olunub. Həmin institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Vüqar Əhməd, Uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elnarə Akimova, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə isə filologiya elmləri doktoru İslam Qəribov təsdiq olunublar. 

Sonra cari məsələlər müzakirə olunub. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı HEB-in Fəxri fərmanı ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.