Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.03.2019 15:21
  • A-
  • A
  • A+

21 əlyazma və qədim çap kitabı Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə edilib

21 əlyazma və qədim çap kitabı Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan 21 yeni əlyazma və qədim çap kitabı AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının toplanılması istiqamətində görülən işlərdən danışıb. Əlyazmalar Fondunun bu sahədəki rolundan bəhs edən alim fondda mühafizə olunan əlyazmaların bir qisminin Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən hədiyyə edildiyini bildirib. İ.Hacıyev bölgə ərazisində fond əməkdaşları tərəfindən Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələrinin toplanıldığını diqqətə çatdırıb. O, son illər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bölgə ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının Əlyazmalar Fondunun balansına hədiyyə edildiyini qeyd edib.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək tarix və mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı sərəncam əsasında muxtar respublika ərazisində 1300-ə yaxın tarixi abidə pastortlaşdırılaraq qeydiyyata alınıb.

Qeyd edilib ki, maddi-mədəniyyət nümunələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərilir. Ali Məclis Sədrinin sərəncamlarına əsasən Nuh Peyğəmbərin məzarüstü və Yusif Küseyir oğlu türbələri, muxtar respublika ərazisindəki buzxanalar, İsmayılxan hamamı, Naxçıvanqala, Əlincəqala, Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi və digər tarixi abidələr bərpa edilib. Xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muzey fondları da xeyli zənginləşib.

N.Qədimova əlavə edib ki, Mədəniyyət Nazirliyi tərəfindən ötən il 1565 ədəd eksponat mədəniyyət müəssisələrinə təqdim edilib. Tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələrinin toplanılması işi bu gün də davam etdirilir və bu işdə muxtar respublika sakinləri də fəallıq göstərir.

Daha sonra bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov elmin müxtəlif sahələrinə aid olan 21 yeni əlyazma və qədim çap kitabı ilə bağlı məlumat verib. Fond rəhbəri hədiyyə olunan əlyazma və çap kitablarının əhəmiyyətini vurğulayaraq, Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliğində Əlyazmalar Fondunun rolundan bəhs edib.

Sonda iştirakçılar yeni əlyazma və çap kitabları ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: