Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.02.2019 15:01
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkında müasir texniki göstəricilərə malik antifrizlər istehsal edilir

AMEA Yüksək Texnologiyalar Parkında müasir texniki göstəricilərə malik antifrizlər istehsal edilir

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d Nazim Şükürov, həmin müəssisənin infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində olublar. Tədbirdə Agentliyin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, eləcə də həmin idarənin rəis müavinləri Əsədulla Səvzixanov və Mehman İbrahimov iştirak ediblər.

Əvvəlcə Nazim Şükürov YT Park haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühitin yaradılması, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.

Sonra YT Parkda istehsal olunan sürtkü, mühərrik və sənaye yağlarının istehsalı və bu məhsulların dövlət satınalınması məsələlərinə dair müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

Görüşdə, həmçinin mənfi temperatur şəraitində daxili yanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan maye - antifrizlərdən istifadə ilə bağlı problemlərə də toxunulub.­ Qeyd olunub ki, YT Parkda müasir texniki göstəricilərə malik, şaxtaya davamlılığı yüksək olan antifrizlər istehsal edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən olan mütəxəssislər YT Park və bu müəssisənin rezidentlərinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar sınaq məqsədilə YT Parkın istehsal etdiyi müxtəlif çeşidli məhsullardan istifadə etməkdə maraqlı olduqlarını bildiriblər.

Sonda YT Parkın strukturu və burada həyata keçirilən layihələrlə yaxından tanışlıq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən olan nümayəndələrin bu müəssisəyə səfəri ilə bağlı qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: