Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlünün 70 yaşı tamam olur
26.10.2018 09:25
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlünün 70 yaşı tamam olur

Oktyabrın 27-də görkəmli fizik-alim, pedaqoq, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün 70 yaşı tamam olur.

Yusif Hacıbala oğlu Şükürlü 27 oktyabr 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbini bitirərək, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub.

1971-ci ildə ali məktəbi bitirdikdən sonra Qəbələ rayonu Tola kənd məktəbində və Qəbələ qiyabi orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris edib. 1973-1974-cü illərdə isə Tola kənd məktəbində tədris işləri üzrə direktor müavini işləyib.

1974-cü ilin avqustundan Şəki şəhər Texniki Peşə məktəbində fizika müəllimi kimi çalışan alim 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında AEA Şəki Regional Elmi Mərkəzinə laborant vəzifəsinə təyin olunub. Y.Şükürlü akademiyanın Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna keçirilib, 1987-ci ilə qədər orada kiçik elmi işçi, 1987-1990-cı illərdə baş elmi işçi vəzifələrində işləyib.

Fizik-alim 1990-2008-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində Biofizika laboratoriyasına rəhbərlik edib, həmçinin 26 noyabr 2002-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının dosenti, müdiri vəzifələrində çalışıb. O, AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Yusif Şükürlü 1984-cü ildə “Fibrionin molekul və ifrat-molekul quruluşuna selenin təsiri” mövzusunda fizika-riyaziyyat üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə edib. Hazırda “Quruluş zülallarının fiziki xassələrinin məqsədyönlü dəyişdirilməsinin molekulyar-kinetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb və ilkin müzakirə mərhələlərini keçib.

Alim çap olunmuş 70-ə yaxın elmi əsərin, o cümlədən 5 müəlliflik şəhadətnaməsi, 3 SSRİ patentinin müəllifidir. 2006-cı ildə “Quruluş zülalları” monoqrafiyası, 2008-ci ildə “İşığın dispersiyası”, 2017-ci ildə “Fizika kursu” adlı dərs vəsaitləri çap olunub. 

O, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) Azərbaycan üzrə koordinatoru və BACSA-nın icraiyyə komitəsinin üzvüdür.

Görkəmli fizik-alimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: