Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunda cari ildə üç mühüm elmi nəticə əldə edilib
28.12.2017 08:55
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda cari ildə üç mühüm elmi nəticə əldə edilib

Geologiya və Geofizika İnstitutu 2017-ci ildə elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 3 mühüm elmi nəticə əldə edib. Məsələyə dair təşkil olunmuş ümumrespublika seminarında institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov sözügedən nəticələri kollektivə təqdim edib.

Bildirib ki, Qutenberq-Rixter qanunundakı b sabitinin 2000-2016-cı illəri əhatə edən məkan-zaman paylanması təhlil edilərək Azərbaycan ərazisində cənub-şimal istiqamətində yer qabığında seysmotektonik gərginliyin artması və zamana görə nəzərə çarpan dəyişmələrin olduğu müəyyən edilib. Bu, regionun seysmik təhlükəsinin qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın icraçıları Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor L.Teleska, Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev, Yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov və S.İsmayılovadır.

Nəzəri tədqiqatlarla müəyyən edilib ki, Yerin müasir nəzəri modellərində onun daxili nüvəsinin şar formasında bərk cisim olması haqqındakı hipotezanın və bu strukturun elastiki parametrlərinin paylanmasının hesablanmış qiymətlərinin qəbul edilməsi, geologiya və geofizikanın inteqral meyarlarına uyğun olsa da, deformasiyaya uğrayan bərk cisim mexanikasının möhkəmlik, dayanıqlıq və elastiki dalğaların yayıla bilməsi haqqındakı fundamental tələblərini ödəmir. Tədqiqat akademik Hətəm Quliyev tərəfindən aparılıb.

Üçüncü mühüm elmi nəticə olaraq, tektonika litosfer plit nəzəriyyəsi baxımından ilk dəfə Kür depressiyasının fanerozoy geoloji tarixinin araşdırılması və təhlili nəticəsində onun ayrı-ayrı bloklarının struktur-geomorfoloji pleyt-tektonik tipləri Tetisin Qafqaz seqmentinin geodinamik təkamülündə ayrılıb. Onlar Tetisin tektonikasında mövqeyinə və yer qatının konsolidasiya dərəcəsinə və yaşına uyğun olaraq hersinid və kimeridlərə aid olan mezokrat-bazit və qranit-metamorfik substratla səciyyələnirlər. Təklif olunur ki, axtarış-kəşfiyyat işlərinin yeni mərhələsindən öncə Kür meqaçökəkliyinin kolliziya mərhələsinin iri miqyaslı pleyt-tektonik xəritələrini tərtib etmək lazımdır. Tədqiqatın icraçısı geologiya-mineralogiya elmləri doktoru M.Rüstəmovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: