Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.02.2017 18:00
  • A-
  • A
  • A+

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı təsdiq edilib

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəaliyyət Planı təsdiq edilib

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn tədbirlərin AMEA-da icrası ilə bağlı məsələyə baxılıb.

İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə qlobal iqlim dəyişikliklərinin və təbiətə antropogen təsirlərin intensivləşməsi nəticəsində bioloji müxtəlifliyin azaldığını, ayrı-ayrı növlərin isə məhv olduğunu bildirib: “Bu, yer üzərində canlı həyatın varlığına böyük təhdiddir. Vəziyyəti nəzarət altında saxlamaq üçün bioloji müxtəlifliyin etibarlı qorunması, bərpası və gələcək nəsillərə çatdırılması, genetik ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın tənzimlənməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir”.

AMEA rəhbəri Prezident İlham Əliyevin 3 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planında digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib. Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Akademiyanın strukturları arasında iş bölgüsünü nəzərdə tutan Fəaliyyət Planının hazırlandığını deyib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə Fəaliyyət Planı təsdiq edilib. Həmçinin Milli Strategiyanın yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında informasiyanın toplanması, işlənməsi, hesabatların hazırlanaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə təqdim olunması, AMEA daxilində, eləcə də Akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrup yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: