Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2017 17:35
  • A-
  • A
  • A+

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimi ən yaxşı rəyçi müsabiqəsinin qalibi olub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimi ən yaxşı rəyçi müsabiqəsinin qalibi olub

Dünyanın nüfuzlu, yüksək istinad indeksli, ixtisaslaşdırılmış elmi jurnallarında çap olunmuş məqalələrə rəy verilmə prossesi elmi əsərlərin seçim və qiymətləndirilməsində ən mühüm və kritik addımdır. Dünya elmi ictimaiyyətində məqalələrin obyektiv qiymətləndirilməsi və yüksək nəşr keyfiyyətinin təmin olunmasında rəyçilərin həlledici rolu vardır.

“Elsevier” beynəlxalq elmi nəşriyyatı 2013-cü ildən başlayaraq rəyçilər icmasının dəstəklənməsi istiqamətində ilk addımı ataraq “Ən yaxşı hakimlər” illik müsabiqəsini keçirmiş və onlara sertifikatlar təqdim etmişdir. Beləliklə, rəylərin operativliyi, keyfiyyəti və tezliyi müsabiqənin meyarları olaraq müəyyənləşdirilmişdir ki, bu da rəyçiləri daha çox fədakarlıq və peşəkarlıq göstərməyə ruhlandırmışdır.

Bu il “Journal of Mathematical Analysis and Applications” jurnalının ən yaxşı rəyçi müsabiqəsinin qaliblərindən biri də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev olmuşdur. Harmonik analizin müasir problemlərinin tədqiqatı ilə məşğul olan alim 250-dən artıq elmi məqalənin müəllifidir.

V.Quliyevin uzun illik zəngin elmi fəaliyyəti və fədakar əməyi nəticəsində əldə etdiyi bu nailiyyət Azərbaycan alimlərinin beynəlxalq aləmdə yüksək səviyyədə tanınmasını sürətləndirməklə yanaşı, onların daha dərin elmi araşdırmalar aparmasına, dünya elminə töhfələr verməsinə imkan yaradacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: