Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2015 10:50
  • A-
  • A
  • A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qobustan rayonu ərazisində çöl tədqiqat işləri aparıb

AMEA Arxeologiya və  Etnoqrafiya İnstitutu Qobustan rayonu ərazisində çöl tədqiqat işləri aparıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektoru tədqiqat mövsümü ərzində Qobustan rayonunda arxeoloji çöl-tədqiqat işləri aparıb. Aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyata aldığı arxeoloji abidələrdən başqa 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilmişdir. Aşkar olunan arxeoloji abidələrin CPS koordinatları götürülmüş, ərazidə layihə ölçü işləri aparılmış, fotoları çəkilmiş və abidələrin pasportu tərtib edilmişdir.

Kəşfiyyat xarakterli tədqiqat zamanı aşkar olunan abidələrə kurqanlar, yaşayış yerləri, küp qəbirlər nekropolu, tarixi memarlıq abidələri və sığınacaq xarakterli mağara abidələri daxildir. Aşkar edilən abidələrin üzərindən yerüstü materiallar götürülmüşdür. Bu materiallar abidələrin dövrünü müəyyən etmək üçün əsas göstəricilərdən olacaq.

İnstitutun Arxeologiyada İnformasiya texnologiyalarının tətbiqi sektorunda yaradılmış xüsusi qrup tərəfindən ərazinin elektron xəritəsi hazırlanacaqdır. Aşkar olunan yeni abidələr həmin xəritədə öz əksini tapacaqdır. Hazırda Qobustan rayonunun arxeoloji elektron xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.

Bundan başqa, sektor bu il Arxeologiya və Etnoqrafiya İnstitutu “Şamaxı-Ağsu” arxeoloji ekspedisiyası ilə birgə Gülüstan qalasında arxeoloji araşdırmaları davam etdirmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada İnformasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri Fuad Hüseynov, sektorun əməkdaşı Səbuhi Hüseynov, fotoqraf Elçin Həsənov iyun ayında Gülüstan qalasında yeni aşkar edilmiş anbar hissəsində olmuş və bu anbarın rəqəmsal fotoqrammetriya vasitəsi ilə ölçülərini, GPS koordinatları götürülmüş və 3 müstəvili modeli hazırlanmışdır.

Son zamanlar arxeoloji qazıntılarda kameral işlər zamanı qərb mütəxəssisləri fotoqrammetriya (obyektlərin yerləşməsini, ölçüsünü, formasını, onların şəkillərinin ölçülməsi ilə təyin edən elmi-texniki fənn) texnologiyası ilə ölçü işlərini həyata keçirir və əldə edilmiş nəticələri Coğrafi İnformasiya Sistemində istifadə edirlər. Fotoqrammetriyanın tətbiqi əsasən arxeoloji qazıntıların topoqrafik xəritəsinin və qazıntının planının çıxarılmasında istifadə edilir. Gülüstan qalasında həyata keçirilən fotoqrammetrik çəkilişlər Azərbaycan arxeologiyasında ilk dəfə tətbiq edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: