Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.05.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə keçirilmiş “Tarla günləri”ndə AMEA-nın institutları da iştirak ediblər

Azərbaycanda ilk dəfə keçirilmiş “Tarla günləri”ndə AMEA-nın institutları da iştirak ediblər

Məlum olduğu kimi, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını təbliğ etmək məqsədi ilə ölkə Prezidentinin 2015-ci il 12 yanvar tarixli Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir.

Sərəncamın icrası ilə bağlı AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Mayın 2-də Qəbələ rayonunda dünya təcrübəsində geniş tətbiq olunan “Tarla günləri”nə həsr olunmuş Beynəlxalq tədbir keçirilib.

Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən beynəlxalq tədbirin açılış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən 3000-ə yaxın nümayəndə heyəti iştirak edib.

“Tarla günləri”ndə məhsulların əkin və becərmə texnologiyaları, qazanılmış nailiyyətlər, elmi-tədqiqat işlərinin nəticələri, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanları nümayiş etdirilib.

Qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq “Tarla günləri”nin keçirilməsi əhəmiyyətlidir. Əsas məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçıları və ixracatçıları bir araya gətirməkdən ibarətdir. Burada əsas üstünlük aqrar sektor üzrə texnologiyaya və sənayedəki yeniliklərə verilib.

 “Tarla günləri” Açıq hava sərgisində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma və Neft-Kimya Prosesləri institutları da iştirak ediblər. AMEA-ya ayrılmış 0,40 hektar sahənin  0,30 hektarında ekoloji kənd təsərrüfatı metodları ilə, 0,10 hektarında isə “Azofos” azotlu-fosforlu gübrəsinin tətbiqi ilə nümunəvi təsərrüfat-istehsalat işlərinin yerinə yetirilməsi təmin olunub. Alimlər tərəfindən Sultan noxud, Sevinc lobya, Zaqatala 68 qarğıdalı, Zaqatala yaxşılaşdırılmış qarğıdalı bitkilərinin adi qaydada və ozonlaşdırılmış toxumlarla səpini aparılıb.

Akademiya tərəfindən görülən işlər AMEA-nın İşlər idarəsi və Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycan “Tarla günləri”nin təşkilində qonşu ölkələrin təcrübələrindən istifadə edir, ölkəmizdə aqrar sektorun inkişafı üzrə dövlət siyasətinə dəstək verir, regionların sosial-iqtisadi inkişafına yardım edir, kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edir, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq məlumat əldə etmək imkanı yaradır və vətəndaşlara (istehlakçılara) aqrar sektorun potensialı barədə dolğun informasiya çatdıra bilir.

Layihə çərçivəsində aprel-oktyabr ayları ərzində Qəbələ rayonunda 28 hektar torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar 6 ay ərzində əkin, becərmə və biçin işlərini, məhsullarını nümayiş etdirə biləcəklər. Bununla yanaşı, aqrotexnika ilə məşğul olan şirkətlər də öz texnika və avadanlıqlarını təqdim edəcəklər.

Tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, labarotor avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə də tanış olublar. Ölkəmizdə ilk dəfə olaraq Quba rayonunda yaradılacaq “Fermer evi”nin maketi də nümayiş etdirilib. Bildirilib ki, pilot layihə olan “Fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulur. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapacaqlar. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək.

Sonda qonaqlar heyvandarlıq kompleksinə baxış keçiriblər.  

Tədbirdə hökumət təşkilatları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlarla yanaşı, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin və müvafiq institutların əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: