Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.05.2015 00:00
  • A-
  • A
  • A+

İsgəndəriyyə Kitabxanasının direktoru Nizami Gəncəvi adına Qızıl medal ilə təltif olunub

İsgəndəriyyə Kitabxanasının direktoru Nizami Gəncəvi adına Qızıl medal ilə təltif olunub

Misirin qədim və əfsanəvi İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin “Azərbaycan Respublikasınının Nizami Gəncəvi adına Qızıl medalı”  ilə mükafatlandırılıb. İ.Seragəldin dünya elmi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəri fikir və ideyalarının öyrənilməsi və təbliği istiqamətindəki gördüyü işlərə görə bu medala layiq görülüb.

2014-cü ildə tanınmış alim İsmayıl Seragəldinin rəhbərliyi ilə İsgəndəriyyə Kitabxanası tərəfindən Şərq mədəniyyətinin dahisi sayılan Nizami Gəncəvi irsindən ibarət kataloqun ilkin mərhələsi hazırlanmışdır. 2015-ci ildə isə İsgəndəriyyə Kitabxanasında N.Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans və dahi mütəfəkkirin büstünün açılış mərasimində onun Azərbaycanın dahi şairi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı keçirilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçilərindən biri olan İ.Seragəldin Misir Elmlər Akademiyasının vitse-prezidenti, ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti, Brukinq Doha mərkəzi, Avropa Elmlər və İncəsənət Akademiyası, Amerika Elmlər və İncəsənət Akademiyası və “Şirak” Fondunun Fəxri Komitəsinin üzvüdür.

ABŞ Milli Elmlər Akademiyasının “İctimai Rifah” medalı, Yaponiyanın “Doğan Günəş” ordeni, Fransanın fəxri legionu və Fransa Respublikasının “İncəsənət və ədəbiyyat” ordeni ilə təltif edilmiş İsmayıl Serageldin “ Misirin ən zəkalı adamı”  adına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: