Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

FRTEB-in Ümumi yığıncağı qarşıda duran prioritet məsələləri müzakirə edib
08.05.2021 12:33
  • A-
  • A
  • A+

FRTEB-in Ümumi yığıncağı qarşıda duran prioritet məsələləri müzakirə edib

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında müzakirə olunması planlaşdırılan prioritet istiqamətlər haqqında danışılıb.

Bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev vurğulayıb ki, son za­man­lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin, “ağıllı” kənd və s. tipli yeni infrastruktur layihələrinin reallaşdırılması Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə də geniş isla­hat­ların aparılmasını zəruri edir.

Akademik, həmçinin son zamanlar dünya elmində gedən proseslərə, müasir çağırışlara adekvat olaraq elm və innovasiya, elm və təhsil, eləcə də elmin digər sahələr ilə inteqrasiyasının müşahidə olunduğunu və onun artıq qapalı sosial institut kimi deyil, açıq bir mühit kimi bütün proseslərə təsir etdiyini söyləyib.

Alim hazırda dünya dövlətlərinin strateji gücünün onların elmi, intellektual potensialları ilə qiymətləndirildiyini, aparıcı ölkələrin öz görkəmli alimləri, elmi-tədqiqat institutları və innovasiya mərkəzləri ilə nüfuz qazandığını deyib.

Alimin fikrincə, ölkəmizin dövlət siyasətinin əsasında cəmiyyətin bütün sferalarında yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi və innovativ fəaliyyətin təşkili dayanır. Həyatın istənilən sahəsində qabaqcıl elmin tətbiqi, milli intellektual məhsulun formalaşması, daxili bazarın iqtisadi təhlükəsizliyinin qorunması və xaricdən asılılığın azalması, qlobal dünyaya inteqrasiya, eyni zamanda inkişaf etmiş ölkələrlə müxtəlif sferalarda səmərəli əməkdaşlıqların təşkili Azərbaycanın regionda lider dövlətə çevrilməsinə rəvac verir.

Akademik Rasim Əliquliyev tədbir iştirakçılarının diqqətini müasir dövrün çağırışları və ölkəmizin sosial-iqtisadi, mədəni-mənəvi inkişafından irəli gələn vəzifələr kontekstində AMEA FRTEB-in Ümumi yığıncaq iclaslarında müzakirəsi vacib olan prioritet məsələlərə yönəldib.

Onun sözlərinə görə, elmi müəssisələrdə araşdırılan aktual elmi-nəzəri və praktiki problemlər, dövlət siyasətinin icrası istiqmətində görülən işlər, tətbiqi və innovativ sahədə həyata keçirilən fəaliyyət daim FRTEB-in Ümumi yığıncağının diqqət mərkəzində olmalıdır. Bunlarla yanaşı, elmlə təhsilin inteqrasiyası, elektron elmin formalaşması və AzScienceNet şəbəkəsinin resurslarından istifadə FRTEB-in və onun elmi müəssisələrinin fəaliyyət sferasında mühüm mövqe tutur.

Akademik Rasim Əliquliyev onu da qeyd edib ki, beynəlxalq əməkdaşlığın, icra olunan qrant layihələrinin, ictimaiyyətlə əlaqələrin və elmi biliklərin populyarlaşdırılmasının, dərc olunan elmi jurnalların keyfiyyətinin, gənc alimlərin əldə etdikləri elmi nailiyyətlərin diqqət mərkəzində saxlanılması, müzakirə olunaraq müvafiq hesabatların hazırlanması da, Ümumi yığıncaq qarşısında duran olduqca vacib məsələlərdir.

Sonda FRTEB-in Ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin prioritet istiqamətlər barədə mülahizələrini yüksək qiymətləndirib, bölmənin elmi müəssisələrində həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyətlə bağlı məsələlərin müzakirə olunaraq AMEA-nın Rəyasət Heyəti, eləcə də aidiyyatı dövlət qurumları qarşısında vəsatətlər qaldırılması barədə qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: