Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
14.04.2021 17:08
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Özbəkistan Elmlər Akademiyasının Dövlət Tarixi Muzeyinin təşkilatçılığı ilə “Müasir dövrdə muzeyşünaslığın aktual problemləri” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Qırğızıstan və Qazaxıstanın muzeylərinin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisə, onun fondları, laboratoriyası, kitabxanası və gələcək fəaliyyəti barədə iştirakçılara məlumat verib. Həmçinin muzey materialları əsasında hazırlanan kitablar, jurnallar və kataloqların tədqiqatçılar üçün əhəmiyyətindən danışıb. Akademik Nailə Vəlixanlı bu kimi konfransların ölkələrin gələcək həm elmi, həm də muzey fəaliyyətinin müzakirəsində, muzey əlaqələrinin genişləndirilməsində uğurlu olacağını xüsusi vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dos. Nərgiz Əliyeva “Muzey tarixin ən mühüm məqamlarını əks etdirən vasitə kimi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, MATM-də tədqiqatlar nəticəsində əldə edilmiş və Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair mənbələrə əsaslanan arxeoloji, etnoqrafik, numizmatik, sənədli materiallar və maddi mədəniyyət nümunələri nümayiş olunur. Muzeydə tədqiqat xarakterli mövzular müəyyənləşdirilərkən Azərbaycanın qədim və orta əsrlər tarixinin bütün aspektləri nəzərə alınır. Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişaf tarixinə, maddi və mənəvi mədəniyyətin davamlılığına, təkmilləşdirilməsinə və yenilənməsinə üstünlük verilir. Həmçinin muzeydə yeni yaradılan Vətən müharibəsi fondu və fondda mühafizə olunan II Qarabağ müharibəsi şəhidləri və qazilərinin şəxsi əşyaları barədə məlumat verən N.Əliyeva vurğulayıb ki, hazırda ekspozisiyanın yenidən qurulması ilə paralel olaraq “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi də hazırlanır. Qeyd edib ki, bu, muzeydə son illərdə müharibəyə həsr olunan üçüncü sərgidir.

Tədbirdə, həmçinin muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Teymurilər imperiyasının sikkələri”, Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Ləman Musayeva isə “Pandemiya dövründə Milli Azərbaycan Tarixi Muzeyinin virtual layihələrinin nailiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: