Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məkan məlumatlarının təhlili CİS daxilində” adlı dərs vəsaiti çap olunub
12.04.2021 16:47
  • A-
  • A
  • A+

“Məkan məlumatlarının təhlili CİS daxilində” adlı dərs vəsaiti çap olunub

Avstraliyanın Makkuori Universitetinin Ekoloji elmlər fakültəsinin professoru Əliəkbər Rəsuli, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi coğrafiya kafedrasının dosenti Mətanət Əsgərovanın həmmüəllifliyi ilə “Mastering Spatial Data Analysis Inside the GIS Setting” (“Məkan məlumatlarının təhlili CİS daxilində”) adlı ingilis dilində dərs vəsaiti çap olunub.

Elmi redaktoru AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov olan dərslik Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının yeni tədris planına salınmış “Məkan məlumatlarının təhlili” fənninin tədrisi üçün ADPU-nun Elmi-Metodiki Şurasının qərarı ilə dərc edilib. Azərbaycan və rus dillərində də çapa hazırlanan kitab qeyd olunan fənn üzrə Azərbaycanda ilk dərs vəsaitidir.

Təqdim edilmiş dərs vəsaitinin məzmunu CİS üzrə əvvəlki kitablardan müsbət şəkildə fərqlənir. Bu dərsliyin əsas məqsədi tələbələrə və tədqiqatçılara məkan məlumatlarının təhlili metodlarını mənimsətməklə yanaşı, bu sahədə olan bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı verməkdir. Müəlliflər coğrafi və ekoloji suallara cavab almaq üçün Azərbaycan Respublikasının məlumat bazası ilə peyk şəkillərinin qarşılıqlı əlaqəsini yaradıblar. Hər biri üç bölmədən ibarət olan səkkiz dərs tələbələrə tətbiqi biliklərin əldə edilməsi ilə bağlı coğrafi məlumatları və analitik nəticələri vizuallaşdırmaq və araşdırmaq imkanı verir. Kitabın məzmunu tədqiqatçılara lokal yönümlü vəzifələri kompleks şəkildə həll etməyə, fiziki və insan coğrafiyasında harada nə baş verdiyini daha yaxşı başa düşməyə imkan verir.

Vəsaitdə, həmçinin CİS analiz sahəsində geniş tədqiqat spektrini əhatə edən məkan məlumatlarının təhlili nəzəriyyələri də təqdim olunur. Müəlliflər tərəfindən ayrı-ayrı səviyyələrə uyğun olaraq həm bakalavr, həm də magistrant tələbələrin istifadəsi üçün mətn və tapşırıqlar hazırlanıb. Dərs vəsaitində coğrafiyaçıların, ekoloqların və digər mütəxəssislərin məkan analizini mənimsəməyə yönəlmiş, onların maraq göstərəcəyi kifayət qədər mürəkkəb materiallar verilib. Butün dərs və tapşırıqlar dərsin təsviri, anlayışlar, vərdişlərə yiyələnmək, effektiv məsləhətlər, tapşırıqlar, viktorinalar və mənbələr strukturuna uyğun hazırlanıb.

Bundan əlavə, kitab ArcGİS proqram təminatı vasitəsilə şəkillərin emalı imkanlarını izah edir. O, əsasən peyk təsvirlərinin analizinin müxtəlif aspektləri üzrə tədqiqatçıların konsepsiyasını və bacarıqlarını tamamlaya bilər. Həmçinin qoyulan məsələlər Azərbaycanın coğrafi və ekoloji tematikasına aid proqram və konsepsiyaların geniş spektrini əhatə edir. Dərslikdə Landsat, Sentinel və rəqəmsal relyef modellərinin 2D və 3D təsvirlərinin analiz metodları da verilib.

Nəşrdə standart ArcGİS parametrlərindən fərqli avtomatik qabaqcıl məkanı müəyyən etmə əməliyyatları yerinə yetirə bilən “geoprocessing” funksiyaları haqqında geniş məlumat var. Yekunda tələbələrə ArcGİS parametrlərinə uyğunlaşdırılmış daha çox funksiyaları olan Python dilini sınamaq məsləhət görülür.

Vəsait Azərbaycanın akademik tədris müəssisələrində CİS və şəkillərin emalı, məkan məlumatlarının təhlili sahəsində çalışan kadrlara və mütəxəssislərə böyük fayda verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: