www.science.az
07.04.2021 10:05

Akademik Teymur Kərimli respublika vebinarında Nizami yaradıcılığında qlobal mənəvi dəyərlərdən danışıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinarda iştirak edib.

Tədbirdə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami yaradıcılığı qlobal mənəvi dəyər kimi” mövzusunda məruzə ilə çıxış edib. Nizami yaradıcılığının milli və bəşəri əhəmiyyətindən, Nizami ədəbi məktəbinin geniş miqyasından və əhatəli coğrafiyasından söz açan alim qüdrətli şairin dünya mədəniyyətinə təsirini nümunələrlə əsaslandırıb.

Azərbaycan xalqının və qalib Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında mənfur düşmən üzərində qazandığı möhtəşəm qələbənin ictimai həyatımıza müstəsna təsirini önə çəkən natiq yaşadığımız tarixi dönəmi “Postqələbə epoxası” adlandırıb. Düzgün və məqsədyönlü siyasət nəticəsində üç cəbhədə qələbə çalan, diplomatik, hərbi və mədəni zəfər qazanan Azərbaycan Respublikasının Prezidentinin xalqımızın mədəni mirasına yüksək qiymət verdiyini diqqətə çatdıran alim 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini də bu düşünülmüş siyasətin mühüm parçası, uzaqgörən liderin öz xalqının mədəni sərvətinə qayğısının təcəssümü olduğunu ifadə edib.

Bu gün dünyada baş verən çaxnaşmalar fonunda humanist ideyalar və yüksək ideallar carçısı olan Nizami irsinin daha aktual olduğunu nəzərə çatdıran akademik özündən sonrakı ədəbiyyata fərqli yön verən böyük şairin irsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Nizaminin yüksək sənətkarlıqla qələmə aldığı əsərləri ilə ədəbiyyatı demokratikləşdirməsi, onu “saraylardan daxmalara gətirməsi” istiqamətində əvəzsiz xidmətinə toxunan natiq Nizaminin yetişdiyi mühit haqqında da məlumat verib. Bildirib ki, Nizami dövründə Azərbaycan, şairin ömrü boyu yaşadığı Gəncə şəhəri Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olub. Dünya ədəbiyyatının bir çox klassiklərinin yaradıcılığına təsir göstərən Nizami müsəlman intibahının ən qüdrətli nümayəndələrindən biri olaraq ilk növbədə mənsub olduğu Azərbaycan-türk xalq ədəbiyyatından, etiqad etdiyi İslam dininin humanist ideyalarından, təmsil etdiyi Şərq elminin nailiyyətlərindən bəhrələnərək dünya mədəniyyəti xəzinəsinə unikal yaradıcılıq örnəkləri bəxş edib. Bu yaradıcılıq aktının nəticəsi olan “Xəmsə” isə dünyanın mədəni mirası olmaqla yanaşı, ilk növbədə Azərbaycan xalqının əqli mülkiyyətidir.

Bu baxımdan Nizaminin irsinin toplanması, nəşrə hazırlanması, tədqiqi və təbliği istiqamətində ölkəmizdə görülən böyük işlərdən, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılmasından, şairin əsərlərinin tərcümə, tədqiq və nəşr işlərindən qısa məlumat verən Teymur Kərimli dövlət başçısının müvafiq Sərəncamının qarşıda böyük imkanlar açdığını qeyd edib. Alim rəhbərlik etdiyi elmi müəssisədə Nizami Gəncəvi “Xəmsə”sinin elmi-tənqidi mətninin yenidən hazırlanması üzərində iş getdiyini, dünyanın məşhur kitabxana və muzeylərində qorunan ən qədim Nizami əlyazmalarının surətlərinin Bakıya gətirilməsi istiqamətində müəyyən addımlar atıldığını və institutda olan 30-dək əlyazmanın müqayisəli tədqiqata cəlb olunduğunu bildirib. “Xəmsə”nin Bakı nüsxələri içərisində ən qədiminin fotofaksiminin, eləcə də şairin əsərlərinə çəkilmiş nadir miniatürlərin toplandığı “Nizami əlyazmalarının Bakı nüsxələri” adlı kitab-albomun Azərbaycan və ingilis dillərində nəşrə hazırlandığını, bundan əlavə “Nizami Gəncəvi və tarix”, “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, “Nizaminin türklüyü və türklüyə münasibəti”, “Azərbaycan şairi Nizami Gəncəvi və fars poeziyası” mövzusunda monoqrafiyaları üzərində iş getdiyini diqqətə çatdırıb.

Sonda alim Nizaminin dünya xalqlarını sülhə, mehriban qonşuluğa çağırdığını, ədalətsiz müharibələrə qarşı olduğunu, lakin ədalətin bərpası naminə müharibənin qaçılmaz olduğu zaman zalıma qarşı birləşməyi təbliğ etdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.