Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.04.2021 18:31
  • A-
  • A
  • A+

AMEA-da Macarıstan səfiri ilə görüş

AMEA-da Macarıstan səfiri ilə görüş

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Macarıstanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə Macarıstan Baş nazirinin də iştirakını xüsusi vurğulayan akademik İsa Həbibbəyli iki ölkə arasında türkologiya sahəsində aparılan elmi tədqiqatların əhəmiyyətindən danışıb. AMEA-nın humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə dost ölkənin elmi qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan vitse-prezident bunun üçün elmi potensialın mövcud olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan, Türkiyə və Macarıstan alimlərinin iştirakı ilə üçtərəfli elmi əlaqələrin yaradılmasının da əhəmiyyətini vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tarixi köklərlə bağlılığı və müasir mərhələdə dövlətlərarası münasibətlərin reallıqlarını önə çəkərək iki ölkə arasında siyasi, tarixi, elmi əlaqələrin perspektivindən söz açıb. Elm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran səfir iki dost ölkənin elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb. O, macar alimlərinin türkologiya sahəsində qazandıqları uğurlardan söz açaraq humanitar və ictimai elmlər sahəsində bir sıra digər elmi istiqamətlər üzrə də əlaqələrin yaradılmasının vacibliyindən bəhs edib.

Elm sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldıqdan sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Mihay Qruber, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: