www.science.az
30.03.2021 11:55

Azərbaycan onkologiya elminin korifeyi akademik Cəmil Əliyevin 75 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Əliyev Cəmil Əziz oğlunun 75 yaşı tamam olur.

Cəmil Əziz oğlu Əliyev 30 mart 1946-cı ildə Bakı şəhərində milli elm və səhiyyəmizin görkəmli şəxsiyyətlərindən biri, tanınmış ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində anadan olub.

Cəmil Əliyev 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1973-cü ildə tibb elmləri namizədi adını alıb. 1978-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində böyük müvəffəqiyyətlə “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1987-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmdə əldə etdiyi nailiyyətləri, qiymətli elmi əsərləri nəzərə alınaraq tanınmış alimə professor elmi adı verilib.

Akademik Cəmil Əliyev Azərbaycan SSR Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin (hazırda Milli Onkologiya Mərkəzi) böyük elmi işçisi (1976), şöbə müdiri (1978), elmi işlər üzrə direktor müavini (1980), baş direktoru (1990-cı ildən), Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının böyük elmi işçisi (1976), kafedra müdiri (1994-cü ildən) vəzifələrində işləyib.

Akademik Cəmil Əliyevin elmi fəaliyyətinin əsas istiqamətlərini süd vəzi xərçəngi, dəri, qırtlaq və digər daxili orqanların bədxassəli şişlərinin epidemiologiyası, müalicə və reabilitasiyası, süd vəzinin bəd və xoşxassəli şişləri olan xəstələrdə B və C virusu hepatitlərinin yayılması problemləri təşkil edir. C.Əliyevin onkologiya elminin inkişafında böyük xidmətləri var. Onun yaratdığı elmi məktəbin nümayəndələri respublikada və xaricdə uğurla fəaliyyət göstərirlər.

Akademik Cəmil Əliyev 500-ə qədər elmi əsərin, o cümlədən 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin, 10 ixtira və səmərələşdirici təklifin müəllifidir. O, respublikada və xarici ölkələrdə keçirilən çoxsaylı konqres, simpozium və s. elmi toplantılarda onkologiyanın əsas problemlərinə dair məruzələrlə çıxış edib, rəhbər orqanlarına sədr və üzv seçilib.

Akademik Cəmil Əliyev onkologiya sahəsində ölkədə və xaricdə böyük nüfuza malik elmi məktəbin yaradıcısıdır. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 50 fəlsəfə və 10 elmlər doktoru hazırlanıb. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin nəzdində olan fəlsəfə doktoru dissertasiya müdafiəsi üzrə Dissertasiya şurasının sədridir.

Akademik Cəmil Əliyev tibb elmində və tibbi kadrların yetişdirilməsində əldə etdiyi mühüm nailiyyətlərə görə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Görkəmli təbib-alim, həmçinin digər çoxsaylı akademiyaların, o cümlədən Nyu-York Elmlər Akademiyasının (1995), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (1995, o həmçinin bu akademiyanın qızıl medalına layiq görülüb), Rusiya Elmləri Akademiyasının xarici üzvü (2001), Gürcüstan Elmlər Akademiyasının (2010), Rusiya Təbiət Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının (2010), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür (2012).

Akademik Cəmil Əliyev 1979-cu ildən Azərbaycan Onkoloqlar və Radioloqlar Cəmiyyətinin sədridir. O, beynəlxalq miqyasda fəal ictimai xadim kimi tanınması nəticəsində 1995-ci ildə MDB ölkələrinin Onkoloqlar Assosiasiyasının, 1997-ci ildə Avropa Onkoloqları Assosiasiyasının üzvü seçilib. Cəmil müəllim bir sıra xarici elm və təhsil müəssisələrinin, o cümlədən 1991-ci ildə Xammersmitt Kral Universitetinin, daha sonra ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professoru seçilib.

2020-ci ildə AMEA Rəyasət Heyətinin üzvü seçilməsi akademik Cəmil Əliyevin azərbaycanlı alim və elm təşkilatçısı kimi qazandığı yüksək nüfuzun daha bir təsdiqidir.

Akademik Cəmil Əliyevin elmi dairələrdə böyük nüfuzu onun tibb yönümlü jurnalların fəaliyyətinə geniş şəkildə cəlb edilməsinə səbəb olub. O, 1995-ci ildən “Azərbaycan onkologiya jurnalı”nın baş redaktorudur. Alim, həmçinin “Azərbaycan Tibb jurnalı”nın (1988), “Sağlamlıq” (1995), “Биомедицина” (2003), “Journal of Oncological Sciences” (Türkiyə Tibbi Onkologiya Cəmiyyətinin rəsmi orqanı), “Cərrahiyyə”, “Хирургия. Восточная Европа” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Akademik Cəmil Əliyevin tibb elmi, ölkə səhiyyəsi və bəşəriyyət qarşısında xidmətləri daim yüksək qiymətləndirilib və o, bir sıra beynəlxalq təşkilatların, Azərbaycan dövlətinin və xarici ölkələrin orden və medalları, digər mükafatları ilə təltif edilib, fəxri adlarına layiq görülüb. Görkəmli alim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə elm və səhiyyə sahəsində xidmətlərinə görə “Şöhrət” (2006) və “Şərəf” (2016) ordenləri ilə təltif edilib. O, özünün elmi fəaliyyətində yüksək peşəkarlıqla əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” (2000) və Dağıstan Respublikasının “Əməkdar elm xadimi” (2011) fəxri adlarına layiq görülüb.

Akademik Cəmil Əliyev, həmçinin SSRİ Tibb Elmləri Akademiyasının “Akademik N.Petrov” adına (1980, “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” monoqrafiyasına görə), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov” adına (2003) və AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov” adına (2015, Qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə) mükafatları, Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N.Piroqov ordeni (2015), “Avropanın fəxri alimi” adı və V.Leybnits medalı (2015), “Türk dünyasına xidmət” Böyük Qızıl medalı (2015), Pavlov adına Qızıl döş nişanı (2016), akademik N.N.Trapeznikov medalı (2020), Dağıstan Respublikasının “Doğma torpağa məhəbbət” medalı (2016), bir sıra dövlət və ictimai təşkilatların fəxri fərmanları, medalları, nişanları və digər mükafatları ilə təltif edilib. Təqdirəlayiq haldır ki, tanınmış alim-təbib BMT-nin Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına, “Avropa ali xidmət ordeni”nə (2016) layiq görülüb.

Bütün bu mükafatlardan qat-qat yüksəyi də var: bu, xalqın böyük alim və təbibə olan səmimi sevgisi və dərin hörmətidir.

Akademik Cəmil Əliyev görkəmli alim və təbib, elm və səhiyyə təşkilatçısı olmaqla yanaşı, Azərbaycan ziyalısı obrazının bütün palitrasını özündə toplamış gözəl insan, səmimi dost, müdrik ailə başçısıdır. Yüksək milli-mənəvi keyfiyyətləri, insanlarla ünsiyyətdə qayğıkeşliyi, xeyirxahlığı, incə yumor hissi, sadəliyi və mərdliyi, müdrikliyi və təvazökarlığı Cəmil müəllimi xarakterizə edən xüsusiyyətlərdəndir.

Xalqına və dövlətinə sədaqət nümunəsi olan görkəmli alimi şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı diləyir, elmi, elmi-təşkilati, pedaqoji, həkimlik və ictimai fəaliyyətində gənclik enerjisi ilə çalışaraq daha böyük nailiyyətlər əldə etməsini arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.