Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Qadınlar STEM-də” kampaniyası çərçivəsində vebinar keçirilib
06.03.2021 22:11
  • A-
  • A
  • A+

“Qadınlar STEM-də” kampaniyası çərçivəsində vebinar keçirilib

BMT-nin İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə start verdiyi “Qadınlar STEM-də” (Women in STEM) kampaniyası çərçivəsində “Facebook” üzərindən növbəti vebinar keçirilib.

Vebinarın moderatoru BMTİP-in Akselerator Laboratoriyasının İnkişaf Həlləri üzrə rəhbəri Nərgiz Quliyeva onlayn tədbirin “Qadınların STEM (Science, Technology, Engineering and Mathematics – Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrində daha fəal iştirak etməsində dövlət qurumlarının rolu: cari vəziyyət, əməkdaşlıq, gələcək planlar” mövzusunda müzakirələrə həsr olunduğunu qeyd edib.

Vebinarda çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbirin məruzəçiləri və iştirakçılarına AMEA rəhbərliyi və kollektivinin salamlarının çatdırıb, bütün qadınları qarşıdan gələn 8 Mart bayramı münasibətilə təbrik edib. Həmçinin tədbirin təşkilinə görə BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə təşəkkürünü bildirib. Qadınların STEM-də iştirakı ilə bağlı belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Azərbaycanda STEM sahəsində qadınların təmsil olunması ilə əlaqədar fikirlərini bölüşən akademik R.Əliquliyev sivilizasiyanın bugünkü inkişaf mərhələsində artıq informasiya-kommunikasiya texnologiyaları, biotexnologiyalar, nanotexnologiyalar, nüvə texnologiyalarının və s. konvergensiya olunaraq cəmiyyətdə yeni reallıqlar yaratdığını qeyd edib. Elm, texnologiya, mühəndislik və riyaziyyatın hazırda aparıcı bir mövqe qazandığını və cəmiyyətin qurulmasının əsasını təşkil etdiyini deyən akademik 21-ci əsrin ideologiyasının məhz STEM-in üzərində qurulduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda STEM sahəsində qadınların təmsil olunmasının aktuallıq kəsb etdiyini, bütün dünyada dəqiq elmlərə marağın azalmasının ciddi problemlərdən olduğunu deyib.

O, ölkəmizdə qadın və kişi peşələri ilə bağlı mövcud olan stereotiplərin qadınların STEM-də fəal iştirakına mane olan amillərdən olduğunu söyləyib. Bildirib ki, STEM-də qadınların təmsilçiliyi ilə bağlı digər ölkələrlə müqayisəli təhlillər aparılmalı, qadınların məşğulluğu probleminin həlli və onların karyera imkanlarının artırılması üçün dövlət tərəfindən kompleks tədbirlər görülməlidir.

Milli Məclisin deputatı Şahin Seyidzadə ölkəmizdə universitetlərə qəbul zamanı STEM ixtisaslarının seçimi və orta məktəblərdə fəaliyyət göstərən STEM sinifləri haqqında məlumat verib.

Qadınların cəmiyyətdə aktivliyinin artırılması üçün müəyyən mexanizmlərin işlənilməsinin, valideyinlərin öz övladlarına ixtisas seçimi zamanı dəstək göstərmələrini təşviq etmək məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.

Milli Məclisdə bu məsələlərlə əlaqədar olaraq vaxtaşırı müzakirələrin təşkil olunduğunu qeyd edən deputat, ucqar kəndlərdə xüsusi stimullaşdırıcı tədbirlərin və proqramların təşkil olunmasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) məsləhətçisi Zahidə İsrafilova öz çıxışında bütün dünyada əsas problemlərdən biri olan gender bərabərliyinin təmin olunması məsələsinə toxunub. Qadınların cəmiyyətin bütün sferalarında təmsil olunmalarının vacib olduğunu söyləyən məruzəçi onların STEM sahəsinə daha çox cəlb edilməsi istiqamətində təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. AQUPDK-nin qadın problemlərini hər zaman diqqətdə saxlayan bir təşkilat kimi onların elm və texnologiya sahəsində iştirak səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirdiyini deyib.

O, İKT-də qadınlarla bağlı startapların təşkil olunmasının komitənin prioritetlərindən olduğunu söyləyib. Qadınların STEM-də fəallığının artırılmasında dövlətlə yanaşı, ailənin də dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Vebinarda, həmçinin disskussiya iştirakçılarının sualları cavablandırılıb, ətraflı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: