Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

05.03.2021 12:28
  • A-
  • A
  • A+

Ətrafında sivilizasiyanın fırlandığı məhvər

Ətrafında sivilizasiyanın fırlandığı məhvər

Tanınmış fransız yazıçısı Emil Zolyanın “qadın ətrafında sivilizasiyanın fırlandığı məhvərdir” sözləri heç bir vaxt aktuallığını itirmir. Bir çox sahələrdə olduğu kimi qadınlar elm sahəsində də fəal iştirak edir, uğurlu tədqiqatlar aparır və mühüm nailiyyətlər əldə edirlər. Dünyanın ilk qadın alimləri sayılan Merit Ptah, Aleksandriyalı Hipateya, riyaziyyat üzrə ilk professor Sofya Kovalevskaya, ilk qadın astronom Karolina Lukresiya Herşel, ilk qadın paleontoloq Meri Enninq, ilk proqramçı qadın Ada Lavleys, WI-FI, 4K, LTE sistemlərinin əsası olan“Gizli komunikasiya sistemi”nin yaradıcısı Hedi Lamarr, müxtəlif elm sahələri üzrə Nobel mükafatı laureatları Mariya Sklodovskaya-Küri (sözügedən mükafata layiq görülən ilk qadın və Nobel mükafatını iki dəfə alan yeganə qadın) və qızı İren Jolio-Küri, Qerti Kori, Doroti Kroufut-Hockin, Kristiana Nüsleyn-Volhard, Linda Bak, Fransuaza Barre-Sinussi, Frensis Arnold və başqaları bəşəriyyətin inkişafına böyük töhfələr vermiş qadınlardandır.

YUNESKO-nun bu yaxınlarda təqdim etdiyi məlumata əsasən, qadınlar dünya tədqiqatçılarının təxminən üçdə bir hissəsini təşkil edir. Bu irəliləyişə baxmayaraq, riyaziyyat, informatika, mühəndislik və süni intellekt kimi sahələrdə qadın alimlər hələ də azlıq təşkil edir. Qadın alimlərin fəaliyyətini və onların qarşılaşdığı maneələrlə mübarizəni daha da genişləndirmək, həmçinin gənc qadınları təbiət elmləri üzrə təhsil proqramlarında iştiraka həvəsləndirmək məqsədilə 1998-ci ildən YUNESKO ilə L’Oreal Fondunun “Elmdə qadınlar üçün” müştərək təqaüd proqramı təsis edilib. Bu günədək həmin proqramın hesabına dünyanın 117 ölkəsindən 3,6 min qadın tədqiqatçı dəstək alıb.

Azərbaycan elminin inkişafında da qadınların xidmətləri çoxdur. İlk ali təhsilli azərbaycanlı həkim qadın Sona xanım Vəlixan, AMEA-nın ilk qadın həqiqi üzvü Validə Tutayuq, akademiklər İzzət Orucova (həmçinin Azərbaycanın ilk qadın kino aktrisası), Püstəxanım Əzizbəyova, Zərifə Əliyeva, Rəfiqə Əliyeva, Rəbiyyə Qasımova, Badisəbah Rəcəbova, Siddiqə Məmmədova, Nailə Vəlixanlı, İradə Hüseynova, Zemfira Səfərova, Nərgiz Axundova, Gövhər Bəxşəliyeva və başqaları, müxbir üzvlər Zərifə Budaqova, Azadə Rüstəmova, Məşədixanım Nemətova, Ninel Qarayeva, Ümnisə Musabəyli, Fəridə Məmmədova, Könül Bünyadzadə, Firəngiz Əlizadə, Elmira Əliyeva və digərləri, müxtəlif elm sahələrində fəaliyyət göstərən qadınların adları Azərbaycan elminin salnaməsində öz yerini tapıb.

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Elmira Abbasova ilə söhbət etdik. 

Elmira xanım, dünyanın ilk qadın arxeoloqları – Doroti Qarrod, Marqaret Mürrey, Qertruda Bell, Qertruda Katon-Tompsondan başlayaraq bu günədək arxeologiya sahəsində çalışan yüzlərlə qadın var. Azərbaycan arxeoloqları sırasında Firuzə Muradova, Fatma Abbasova, Məlahət Fərəcova və digərlərinin adlarını sadalaya bilərik. Necə oldu ki, arxeoloq olmağa qərar verdiniz?

- Arxeologiya sahəsinə maraq məndə hələ uşaqlıqda yaranıb. Mən zəngin arxeoloji irsi ilə seçilən Qarabağ bölgəsinin Laçın rayonunda doğulmuşam. Məktəbdə oxuyarkən müəllimimiz bizi tikinti gedən sahəyə aparmışdı. Qazıntı zamanı ərazidən aşkar olunan müxtəlif qablar diqqətimi cəlb etdi.

İllər keçdi. Mən özümü məhz arxeologiya sahəsində tapdım. Təbiətə vurğunluq, ekspedisiya romantikası, keçmişi araşdırmaq istəyi – bütün bunlar ixtisas seçimimdə öz rolunu oynayıb. Qeyd edim ki, arxeologiya sahəsində keçmiş, bu gün və gələcək yaşayır. Keçmişdən bu günə, bu gündən gələcəyə – bu üçbucağın sintezini araşdırmaq olduqca maraqlıdır.

-Sizcə, istitutunuzda qadın arxeoloqlar yetərincədirmi? Məlumdur ki, çox nadir hallarda qadınlar arxeoloji ekspedisiyalarda iştirak edirlər.

-Bəli, institutumuzda qadınlar, cavan qızlar çalışırlar. Əlbəttə ki, onların hamısı qazıntılara getmir, şöbələrdə tematik işlərlə məşğul olurlar. Lakin həm arxeoloji tədqiqatlarla məşğul olan, həm arxeologiyanı dərindən bilən əməkdaşlarımız – Fidan Əliyeva, Sevinc Hüseynova, Aliyə Adıgözəlova kimi gənc xanımlarımız var. Onların arxeoloq kimi yetişməsində Arxeologiya və Etnoqrafiya İnstitutunun təcrübəli arxeoloq alimlərinin rolu böyükdür. Və mən inanıram ki, sadaladığım və sadalamadığım gənc kadrlar gələcəkdə arxeologiya sahəsində mühüm izlər qoyacaqlar.

Hansı ekspedisiyalarda iştirak etmisiniz?

- Mən Ağsu, İsmayıllı, Qəbələ və Şamaxı arxeoloji ekspedisiyalarının üzvüyəm. Artıq 12-13 ilə yaxındır ki, Qəbələ rayonunun Qala orta əsr yaşayış yerində ardıcıl qazıntılar aparırıq. 2010-2015-ci illərdə Ağsu rayonu ərazisində fərqli dövrləri özündə əks etdirən arxeoloji tədqiqatlar aparmışıq. Burada üç müxtəlif dövrə aid abidələri araşdıraraq olduqca mühüm nailiyyətlər əldə etmişik.

Ağsunun Bəyimli kəndində ilk orta əsrlərə, Cavanşir dövrünə aid olan Torpaqqala abidəsində (VII əsrin əvvəllərinə qədər) o dövrün yaşam tərzi tədqiq olunub, XIV-XVI əsrlərə aid olan Şıxməzid məscid kompleksində isə daha çox memarlıq xüsusiyyətləri öyrənilib.

Qeyd edim ki, həmin vaxt arxeologiya XVII əsrlə tamamlanırdı. Yəni Antik dövr, ilk orta əsrlər, orta əsrlər dövrləri var. XVIII əsr arxeologiyada tədqiq olunmamışdı. İlk dəfə olaraq XVIII əsri arxeologiyada tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsunun Ülgüc kəndində təşkil olunan arxeoloji ekspedisiya araşdırıb və bu dövrü arxeologiya sahəsinə əlavə edib. Xaraba şəhər adlanan, elmi ədəbiyyatda Yeni Şamaxı deyilən ərazidə bir-birinin davamı olan çoxsaylı tikili qalıqları, hamam kompleksi, 56 sütun altlığı ilə aşkar olunan məscid kompleksi və nəhayət, Yerin səthindən 10 metr dərinlikdə yerləşən buzxana aşkar olunub. Burada tapılan çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsini sikkələr, o cümlədən 37 ədəd qızıl holland dukatları təşkil edirdi. Vurğulamaq istəyirəm ki, holland dukatlarının aşkarlanması Ağsunu dünyada – İtaliya, Şimali Makedoniya, Türkiyə, Rusiya və digər ölkələrdə tanıtdırdı.

Qarabağla bağlı hansı istəkləriniz, planlarınız var?

- “Qarabağın qara dərdi, ağlama, anam, ağlama...” Qarabağ ağır tale yüklü bir yurddur. Bəlkə də Qarabağın bir vaxtlar çözülə bilməyən dərdi onun adıyla bağlıdır, dəqiq deyə bilmərəm. Amma “qara” sözünün etimologiyasına nəzər salanda, bu sözün “böyük, geniş” məna verməsi də aydın olur. Qara rəngə hansı rəngi qatsaq, müxtəlif rəng çalarları əmələ gəlir.

Bu bölgə insanların hələ qədim zamanlardan, tunc dövründən başlayaraq sıx yaşadıqları ərazidir. Uzun illərin işğalından sonra azad olunan Qarabağ bölgəsi müxtəlif dövrlərə aid abidələrlə zəngindir. Ağdam, Füzuli, Zəngilan, Şuşa, Laçın, Kəlbəcər – hər birinin özünəməxsus abidələri var. Hələ sovet dönəmində burada bir çox arxeoloqlarımız (Məmmədəli Hüseynov, Hidayət Cəfərov, Rəşid Göyüşov, Qüdrət İsmayılzadə və b.) tədqiqatlar aparıblar. Bu gün də Qarabağ öz tədqiqatçılarının yolunu gözləyir.

Təbii ki, ömür vəfa etsə, mən də Qarabağda aparılacaq tədqiqatlarda iştirak edəcəyəm. Atam şuşalı olub. Biz Şuşaya Qala deyərdik, Azərbaycanın, Qarabağın tacı deyərdik, ətraf yerlərə isə bu tacın qiymətli daş-qaşları deyərdik. Bu bölgələrdə davamlı qazıntıların aparılması olduqca əhəmiyyətli, mühüm və deyərdim ki, dövlətimizin maraqlarını əks etdirən bir məsələdir.

Lakin qeyd etmək istəyirəm ki, aparılacaq tədqiqatlar kompleks şəkildə olmalıdır. Çünki erməni vandalizminə bütün sahələr – arxeologiya, memarlıq, flora, fauna, ekologiya və s. məruz qalıb. Buna görə də bölgəyə mütləq şəkildə bioloqlar da, geoloqlar da, arxeoloqlar da, memarlar da, fizioloqlar da və digər sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır.

Elm sahəsi elədir ki, alimlər hər zaman böyük kəşflərin hələ irəlidə olduğunu düşünür, onlara can atırlar. Bu günədək ən böyük kəşfiniz, tapıntınız nə olub?

- Əvvəldə də qeyd etdiyim kimi, mənim tədqiqat obyektim Şirvan bölgəsidir. Dissertasiya işim Cənub-Şərqi Şirvanın orta əsr yaşayış yerlərinə həsr edilib. Qəbələnin Çaqqallı deyilən bir ərazisi var ki, bura Antik şəhər yurdu kimi tanınır. Yaxşı olardı ki, gələcəkdə alimlərimiz ərazini elə Antik şəhər yeri adlandırsınlar. Bu ərazidə aparılan qazıntılarda iştirak etmişəm. Bundan əlavə, uzun illərdir ki, Qəbələnin Çuxur Qəbələ kəndi ərazisində Orta əsr qala yaşayış yerində tədqiqatlar aparırıq. Ağsuda, Şamaxının Dəmirçi kəndi ərazisində olan Qəqəli nekropolunda qazıntı işlərimiz olub.

2017-ci ildə Şamaxı-Lahıc yolunun salınması zamanı burada aşkarlanan skeletlər arxeoloji tədqiqatlar üçün səbəb olub. Buradan çoxsaylı maddi mədəniyyət nümunələri tapılıb. Çoxsaylı qadın bəzək əşyalarının tapılması bu ərazilərdə insanların sıx məskunlaşdığı zəngin yaşayış yerinin olduğundan xəbər verir.

Şamaxı rayonunun Avaxıl kəndində yerləşən qəbiristanlıq və məscid kompleksində də qazıntı işləri aparılıb. XIV əsrə aid olan Pir Ömər Sultan ziyarətgahı qəbiristanlığın ərazisində yerləşir. Bu tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə layihəsi çərçivəsində aparılıb.

Son tədqiqatlarımız  isə 2020-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsinin üç sahəsi – Basqal qalası (Qala başı), Kürəbəndi (təmiz və çirkli suların axdığı yerlər) və Şeyx Məhəmməd məscidində baş tutub. Pandemiya ilə əlaqədar həmin işlər tamamlanmayıb, bu ilin aprel-may aylarında tədqiqatları davam etdirməyi nəzərdə tutmuşuq.

Bunları sadalamaqla demək istəyirəm ki, tapıntıların, kəşflərin hamısı alimlər üçün əzizdir, doğmadır. İnanıram ki, gələcəkdə bizi daha da geniş tədqiqatlar, nailiyyətlər gözləyir.

Çox sağ olun, Elmira xanım. Sizə gələcək fəaliyyətinizdə uğurlar, yeni-yeni kəşflər, tapıntılar arzulayırıq.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: