Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2021 12:15
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının cari ildə onlayn formatda ilk iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.

Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq iştirakçıları yeni təqvim ilinin başlaması münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb. Natiq bildirib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Milli Elmlər Akademiyasının işə davamiyyətinin tənzimlənməsi barədə” 18 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən institutda işçilər qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb ediliblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri, Fəaliyyət proqramı və Tədbirlər planı haqqında məlumat verən akademik İ.Hüseynova qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinin 30 ilə yaxın işğal altında qalması bu ərazilərin flora və faunasının, yeraltı və yerüstü təbii sərvətlərinin elmi tədqiqatlardan kənarda qalmasına səbəb olub. İşğaldan azad edilmiş ərazilərdə kompleks elmi tədqiqatların yenidən bərpası bu prosesdə alimlərin yaxından iştirakını tələb edir.

Akademik qeyd edib ki, cari ildə Elmi şuranın ilk iclasının gündəliyinə 2021-ci il üçün institutun elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və digər vacib məsələlər daxil edilib. Cari ildə görüləcək işlərin planı ilə bağlı çıxış edən İ.Hüseynova bildirib ki, layihə müasir dünya elminin inkişaf meylləri və ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı elmi və texnoloji problemlər nəzərə alınmaqla hazırlanıb. İnstitutda bu il 3 istiqamət və 3 problem ətrafında 6 mövzu üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Elmi istiqamətlər və plan layihəsi geniş müzakirə olunub. Müzakirələrdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, İlham Şahmuradov, biologiya elmləri doktorları Yaşar Feyziyev, Şahniyar Bayramov, Həsən Babayev və b. çıxış edərək öz təkliflərini bildiriblər. Müzakirələr nəticəsində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2021-ci il üçün elmi-tədqiqat işlərinin planı Elmi şuranın qərarı ilə təsdiq edilib. Sonra gündəlikdəki digər məsələlər, o cümlədən laboratoriyalardan birinin adının və elmi istiqamətinin dəyişdirilməsi, elmi seminarlar və s. haqqında məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: