Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində metalların korroziyadan mühafizəsinə dair məruzə dinlənilib
26.01.2021 12:00
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində metalların korroziyadan mühafizəsinə dair məruzə dinlənilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra qurumun Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin “Metalların korroziyası və ondan mühafizə yolları” mövzusunda məruzəsi dinlənilib.

O, əvvəlcə metalların insan həyatında, fəaliyyətin bütün sahələrindəki əhəmiyyəti, metalların mexaniki dağılması, eroziya və korroziya prosesləri haqqında ətraflı məlumat verib. Alim korroziya prosesinin çox ziyanverici olduğunu, metal avadanlıqların sıradan çıxmasının istehsalata əhəmiyyətli dərəcədə təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, korroziya prosesi il ərzində dünya iqtisadiyyatına təxminən 150-200 milyard dollar dəyərində ziyan vurur.

Nümayiş etdirilən slayd vasitəsilə korroziya prosesinin getmə şəraiti, formaları, mexanizmi müfəssəl şəkildə izah olunub. Korroziya ilə mübarizə üsullarından bəhs edən tədqiqatçı bildirib ki, təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkələrində bu problemlə bağlı tədqiqatlar aparılıb, araşdırmalar bu gün də davam etdirilməkdədir. Vurğulanıb ki, hazırda korroziya ilə mübarizədə inhibitor mühafizə digər üsullara nisbətən daha əlverişlidir və bu üsuldan istifadə zamanı mövcud texnoloji sistemdə heç bir dəyişiklik aparmağa ehtiyac yoxdur. İnhibitor mühafizə üsulunda korroziya cəhətdən aqressiv mühitə inhibitor təsirinə malik olan maddənin və ya birləşmənin əlavə edilməsi kifayət edir ki, bu ziyanlı prosesin sürəti əhəmiyyətli dərəcədə azalsın və ya tam dayansın. Korroziya prosesinə təsir edən mühit, hava, rütubət və başqa amillərin regional xarakter daşıdığını diqqətə çatdıran alim bu problemin həlli istiqamətində yeni-yeni tədqiqat və təcrübələrə ehtiyac olduğunu bildirib.

Daha sonra bölmədə elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, bəzi dissertasiya mövzularının adında qismən dəyişiklik edilməsi haqqında, eləcə də gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: