Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar hadisəsi istiqlala gedən yolun təməlini qoydu
20.01.2021 15:28
  • A-
  • A
  • A+

20 Yanvar hadisəsi istiqlala gedən yolun təməlini qoydu

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan danışıb. Bildirib ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı misli görünməmiş hərbi cinayət törədilib.

Akademik qeyd edib ki, Azərbaycanın şanlı tarixinin bir səhifəsi olan 20 Yanvar hadisəsi istiqlala gedən yolun təməlini qoydu: “O zaman yalnız ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi. Azərbaycan rəhbərliyinə qayıdandan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi”.

Alim Prezident İlham Əliyevin də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması istiqamətdə mühüm tədbirlər həyata keçirdiyini söyləyib.

Tədbirdə digər çıxış edənlər də 20 Yanvar şəhidlərini xalqımızın qəhrəmanlıq rəmzi kimi səciyyələndiriblər. Vurğulanıb ki, şəhidlərimizin qanı yerdə qalmadı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Diqqətə çatdırılıb ki, şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: