Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyevin açıqlaması
19.01.2021 20:08
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyevin açıqlaması

19.01.2021-ci il tarixində “Hürriyyət” qəzetində dərc edilən “Ramiz Mehdiyev polis orqanlarından qovulmuş şəxsə vəzifə verdi” sərlövhəli məqalədə göstərilir ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyev 1999-cu ildə polis orqanlarından qovulan Ağasiyev Rasim Mizi oğlunu AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edib. Məqalədə daha sonra bildirilir ki, Rasim Ağasiyev 1988-1999-cu illərdə Bakı şəhər Yasamal Rayon Polis İdarəsində pasport-masa rəisi vəzifəsində işləyib və qeyri-millətləri saxta yolla sənədə almaqla rəsmiləşdirib. Ona görə də tutduğu vəzifədən azad edilib.

Bildirirəm ki, mən 1977-ci ildən 2009-cu ilə qədər daxili işlər orqanlarında ayrı-ayrı vəzifələrdə işləmişəm. Belə ki, 1977-1984-cü illərdə “Sovet-Partiya Orqanlarının Mühafizə İdarəsində”, 1984-1987-ci illər ərzində keçmiş Oktyabr Rayon (indiki Yasamal rayonu) Polis İdarəsində məsul növbətçi, 1989-1995-ci illərdə Oktyabr Rayon Polis İdarəsində Pasport Xidməti rəisi, 1995-1999-cu illərdə Yasamal Rayon Polis İdarəsində Pasport-Viza şöbəsinin rəisi, 1999-2005-ci illərdə Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində baş əməliyyat müvəkkili, 2006-2009-cu illərdə Nəsimi Rayon Polis İdarəsində baş təhqiqatçı vəzifələrində işləmişəm. Həmçinin 1992-1993-cü illərdə Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşam. Daxili işlər orqanlarında 34 il işlədikdən sonra 2009-cu ilin dekabr ayından təqaüdə çıxmışam. Mən daxili işlər orqanlarından qovulmamışam, “Hürriyyət” qəzetində barəmdə yazılanlar həqiqəti əks etdirmir, şər və böhtandır.

Bildirmək istəyirəm ki, mən 2013-cü ildən AMEA Rəyasət Heyəti aparatının Hüquqi təminat şöbəsinin müdiri, 2014-cü ildən hazıradək AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsində işləyirəm.

Sonda haqqımda şərəf və ləyaqətimi alçaldan məlumatları tirajlayan “Hürriyyət” qəzetinin redaksiyasının diqqətinə çatdırıram ki, hər bir Azər­baycan vətəndaşı kimi öz hüquqlarımı məhkəmədə qorumaq haqqına sahibəm. Bunu nəzərə alaraq, bildirmək istəyirəm ki, “Hürriyyət”in haqqımda yazdığı 19.01.2021-ci il tarixli nömrəsindəki yazıya təkzib verilməlidir. Əks halda öz hüquqlarımı məhkəmədə qorumağa məcbur olacağam.

Rasim Ağasiyev        

19.01.2021

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: