Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Seysmoloji Mərkəzdə 2021-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub
15.01.2021 15:17
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə 2021-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub

Yanvarın 15-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının onlayn iclası keçirilib.

Şuranın üzvləri, müəssisənin şöbə rəhbərləri və elmi işçilərin qatıldığı iclasda 2021-ci ildə mərkəzdə aparılacaq tədqiqat işlərinin əhatəli planı müzakirə edilib.

Tədbirdə çıxış edən mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli elmi işlərin mövzularının planını açıqlayıb, tədqiqat işlərilə yanaşı, RSXM tərəfindən işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyaların quraşdırılması məsələsinin də gündəlikdə olduğunu söyləyib. Alim həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyaların olduğunu bildirib: “Bildiyiniz kimi, ermənilər işğal olunmuş ərazilərdə hər şeylə vəhşi kimi davranıblar. Bizim hər şeyimizi - maddi mədəniyyət, tarixi abidələrimizi, evləri, eləcə də bütün digər infrastrukturu dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq və bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək. Q.Yetirmişli dövlət qurumlarından müvafiq icazələrin verilməsindən sonra seysmoloqların əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçirəcəklərini vurğulayıb. Alim bildirib ki, seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı nəzərdə tutulur.

Daha sonra o, RSXM-nin müvafiq bölmələri - seysmologiya, geofizika, geodinamika və geokimya sahələri üzrə aparılacaq tədqiqat işlərinin istiqamətlərini elan edib. Qoyulmuş mövzular Elmi-Texniki Şuranın üzvləri tərəfindən müzakirə edilib və sonda mərkəzin 2021-ci il üçün plana saldığı elmi-tədqiqat işləri təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: