Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Rəyasət Heyətinin bəyanatı
12.01.2021 20:11
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin bəyanatı

İctimaiyyətə məlumat verildiyi kimi, 8 yanvar 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmiş və akademiyada islahatlar xəttinin dərinləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, narahatlıq doğuran qüsurların aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir. Təəssüf ki, sözügedən iclasın nəticələrinə dair məlumatların AMEA-nın rəsmi saytında dərc edilməsindən sonra bəzi KİV-lər Rəyasət Heyətinin qərarlarının mahiyyətini təhrif edərək, onları sensasiya, ajiotaj yaradacaq şəkildə qələmə verməyə cəhd göstərmişlər. Belə ki, AMEA-nın iki birinci vitse-prezidenti postlarından birinin ixtisar edilməsi guya akademik İsa Həbibbəylinin və akademik İbrahim Quliyevin vəzifədən uzaqlaşdırlması, “vurulması” kimi şərh olunmuşdur.

Halbuki, atılan addım ancaq və ancaq idarəetmənin təkmilləşdirilməsinə və sadələşdirilməsinə xidmət edir. AMEA-da iki vitse-prezidentin olması müəyyən çaşqınlıq yaratdığından və koordinasiya prosesində çətinliyə səbəb olduğundan belə bir qərarın qəbuluna zərurət yaranmışdır. Bir daha ictimaiyyətin diqqətinə  çatdırırıq ki, həm İsa Həbibbəyli, həm də İbrahim Quliyev AMEA-nın vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri qismində öz fəaliyyətlərini davam etdirməkdədirlər. Xatırladaq ki, AMEA-da əvvəllər də yalnız bir birinci vitse-prezident postu olmuşdur və bu ənənənin bərpası optimallaşma baxımından daha məqsədəuyğundur. 

Eynilə də AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun və onun müavini akademik Cavad Abdinovun sözügedən elmi müəssisədə aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilməsi bəzi KİV-lər tərəfindən az qala cinayətkar dəstənin ifşası, misli görünməmiş dəhşətli hadisə kimi şişirdilərək ictimaiyyətə təqdim olunmuşdur. Bəli, Fizika İnstitutunun hər iki rəhbər şəxsi həqiqətən də işində yol verdikləri nöqsanlara görə işdən azad edilmişlər. Lakin aparılmış yoxlama, bəzi şəxslərin şərh etdikləri kimi, qətiyyən akademiklər Nazim Məmmədov və Cavad Abdinovun alim kimi bilik və bacarıqlarının təftişi, qiymətləndirilməsi məqsədinə xidmət etməyib. Hər iki alimin öz sahələrinin peşəkarı olduqları, elm ictimaiyyəti tərəfindən ciddi mütəxəssislər kimi qəbul edildikləri danılmaz həqiqətdir. Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq. Hər kəs əmin ola bilər ki, Fizika İnstitutunda üzə çıxarılmış nöqsanların aradan qaldırılması üçün AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə bütün zəruri tədbirlər görüləcəkdir.  

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir. Yoxlamanı aparan qurumlar istintaq orqanı, Rəyasət Heyəti isə məhkəmə hakimiyyətinin təmsilçisi olmadığından işdən azad edilmiş həmkarlarımızın az qala cinayətkar kimi təqdim olunması yolverilməzdir.

AMEA-da aparılan daxili yoxlamaları elm ictimaiyyətinin nümayəndələrinə qarşı qaralama kampaniyasına çevirməyə çalışanlar atdıqları addımın həm hüquqi, həm də mənəvi məsuliyyət yaratdığını unutmamalıdırlar. Bu niyyətdə olanlara Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış təqsirsizlik prezumpsiyasını xatırlatmağı lazım bilirik – məhkəmə qərarı olmadan heç kəs müqəssir hesab edilə bilməz.

Həmçinin akademiyanın sabiq birinci vitse-prezidenti İsa Həbibbəylinin də guya Fizika İnstitutunda aparılan yoxlamanın nəticələrinə görə vəzifəsindən kənarlaşdırıldığına dair məlumatlar da həqiqəti əks etdirmir. Belə məlumatları tirajlayanların diqqətinə çatdırırıq ki, akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər Bölməsinin rəhbəridir və Fizika İnstitutu onun məsuliyyət çərçivəsinə daxil deyil. 

Hər kəs bilməlidir ki, Elmlər Akademiyasında aparılan islahatlar ümumilikdə cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə başlanan islahatların, yenilənmə siyasətinin tərkib hissəsidir və bu xəttin ruhuna uyğundur. Görülən tədbirlərin başlıca məqsədi akademiyada qanunun aliliyini təmin etməkdən, elmi idarəçiliyi və tədqiqatları müasir dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir. 

Deyilənləri nəzərə alaraq, AMEA Rəyasət Heyəti KİV redaktorlarını məlumatların təqdimatı zamanı subyektiv, qərəzli şərhlərdən çəkinməyə, ictimaiyyət arasında çaşqınlıq yaratmamağa, obyektivliyi qorumağa çağırır. Həqiqəti olduğu kimi, bəzək-düzəksiz cəmiyyətə çatdırmaq mətbuatın ən ümdə vəzifəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: