Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynov Mədəniyyət kanalında “Nizami Gəncəvi İli”nin nizamiçiliyə verəcəyi töhfələrdən danışıb
08.01.2021 12:40
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Mədəniyyət kanalında “Nizami Gəncəvi İli”nin nizamiçiliyə verəcəyi töhfələrdən danışıb

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Mədəniyyət” kanalının “Səhərçağı” verilişinin qonağı olub.

Akademik Rafael Hüseynov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin nizamiçiliyə və ümumilikdə azərbaycançılığa verəcəyi töhfələrdən bəhs edib.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu vurğulayan akademik R.Hüseynov sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışıb. O, görkəmli mütəfəkkir şair N.Gəncəvinin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğunu bildirib.

R.Hüseynov dahi şairin təxəllüs kimi götürdüyü “Nizami” sözünün mənasının bu ilimizə çox yaraşdığını qeyd edərək, Nizaminin adı ilə başlanan 2021-ci ilin dahi şəxsiyyətin bəşəriyyətə verdiyi misilsiz töhfələrə baxış ili kimi tarixə yazılacağını söyləyib, yeni başlanan ilimizin nizam, harmoniya ili olmasını diləyib.

Akademik qeyd edib ki, orta əsrlərdə “şeirin Allahı” adlandırılan Nizamini gözdən salmaq, Azərbaycandan kənarlaşdırmaq, özününküləşdirmək üçün müxtəlif təxribatlara əl atılması və Nizami ilə bağlı elmi həqiqətlərə uyğun olmayan fərziyələr irəli sürülməsi hallarına günümüzdə də rast gəlinir: “Bu təxribatların arxasında dahi Nizaminin böyüklüyü dayanır. Çünki Nizami ilə birləşən Azərbaycan olduğundan da böyükdür. Buna görə də, Azərbaycanın mübariz insanları olaraq yalnız Nizami ili çərçivəsində və yalnız Nizaminin müdafiəsində deyil, hər bir sərvətimizin, hər bir qarış torpağımızın keşiyində durmalı, onu dünyada daha artıq tanıtmaq yolunda bütün səyləri səfərbər etməliyik”.

Akademik R.Hüseynovun sözlərinə görə, XX və XXI yüzilliklərdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində mühüm işlər görüldüyündən bu əsrləri Nizaminin Azərbaycana böyük qayıdışı əsrləri adlandırmaq olar: “Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Nizaminin əsərləri farscadan Azərbaycan dilinə tərcümə olunmuş, rus və Azərbaycan dillərində Bakıda və Moskvada nəşr edilmişdir. Daha sonra ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Qüdrətli söz və fikir ustadının 880 illiyinin tamam olması və insanları daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi də Nizami irsinin daha dərindən araşdırılmasına təkan verəcək”.

R.Hüseynov əlavə edib ki, Nizaminin əsərlərindəki dərin mənaları insanlara çatdırmaq üçün onun yenidən araşdırılmasına böyük ehtiyac var. 2021-ci ilin əsas vəzifələrindən biri də məhz dahi Nizamini daha yüksək səviyyədə tədqiq etmək və xalqa çatdırmaq üçün gənc nizamişünaslar yetişdirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: