Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı medallarla təltif olunub
28.12.2020 12:44
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı medallarla təltif olunub

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, torpaqlarımızın azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız medallarla təltif olunurlar.

Həmin mərd, igid oğullarımız sırasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev də var. O, Vətən uğrunda gedən döyüşlər zamanı göstərmiş olduğu şücaəti, mübarizə əzmi ilə fərqlənib, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ehtiyatda olan baş leytenant Radif Mustafayev müharibənin ilk günlərindən təlimlərə çağırılıb və sentyabr ayının 21-dən artilleriya komandiri olaraq orduda öz xidmətinə başlayıb. Füzuli və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına mübarizə aparıb, ürəyindəki vətən eşqi ilə tarixin ən yeni səhifələrində öz adını qızıl hərflərlə yaza bilib.

Elmi işçi kimi çalışdığı illər ərzində Radif Mustafayev həm də öz fikirləri, qələminin gücü ilə seçilən əməkdaşlardandır. O, orduda göstərdiyi şücaətlər kimi, elm sahəsində də uğurlar əldə edib və öz dəsti-xəttini yarada bilib.

Ali Baş Komandan İlham Əliyevlə və Müzəffər Azərbaycan Ordusunun igid oğulları ilə qürur hissi keçirir və onlara təşəkkür etməyi özümüzə borc bilirik. Vətən naminə canından keçmiş şəhidlərimizin ruhları qarşısında baş əyir və onları böyük sevgi ilə yad edirik!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: