Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
25.11.2020 11:42
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış təbib, Əməkdar elm xadimi, Azərbaycan Tibb Univer­sitetinin Mikrobiologiya və im­mu­nologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zakir Qarayev ömrünün 79-cu ilində vəfat edib.

Zakir Ömər oğlu Qarayev 27 noyabr 1941-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Dilican mahalının Göyərçin kəndində ana­dan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini bitirib, 1968-ci ildə Mikrobiologiya və immunologiya kafedra­sında aspirantura təhsili alıb.

Z.Qarayev 1968-ci ildə tibb elmləri üzrə fəlsəfə doktoru, 1974-cü ildə tibb elmləri doktoru elmi də­rə­cələrini, 1990-cı ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Z.Qarayev əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə mahalında (1962-1968) başlayıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Təd­qiqat Laboratoriyasının direktoru (1968-1974), Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Tədqiqat Laboratoriyasında böyük elmi işçi (1974-1975), direktor (1975-1982), SSRİ Səhiyyə Nazir­liyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru (1982-1993) vəzifələrində çalışıb. Azərbay­can müstə­qil­lik qazandıqdan sonra vətənə qayıdan Zakir Qarayev AR ET Mikrobiologiya, Virusologiya və İmmunologiya İnsti­tutunun direktoru (1993-1994), İstanbul Universiteti Tibb fakültəsinin Mikro­biologiya və immunologiya kafedrasının professoru (2001-2004), Azərbaycan Tibb Univer­sitetinin Mikrobiologiya və im­mu­nologiya kafedrasının müdiri (2004-2020) vəzifələrində çalışıb.

Z.Qarayev müxtəlif mikroorqanizmlər (mikromisetlər, QİÇS-in­feksiya virusları), radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirin­dən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infek­siyaların for­malaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika təd­birlərinin təkmilləşdirilməsinə nail olub.

Z.Qarayev 300-dən çox elmi əsərin, o cüm­lədən 4 monoqrafiyanın müəlli­fi olub. Onun T.Ə.Əliyevlə birlikdə yaz­dığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəlik­lərin diaq­nostikası və müa­li­cəsi haqqında məhdud əsərlərdəndir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 69 fəlsəfə və 20 elmlər doktoru hazırlanıb..

Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru idi.

Alim 2010-cu ildə Əməkdar elm xadimi fəxri adına, 2017-ci ildə isə AMEA-nın “Akade­mik Mirəsədulla Mirqasımov adına mükafatı”na layiq görülüb.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Zakir Qarayevin parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: