Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ermənilərin qanunsuz arxeoloji qazıntıları ilə bağlı Baş prokurora müraciət edilib
17.11.2020 12:38
  • A-
  • A
  • A+

Ermənilərin qanunsuz arxeoloji qazıntıları ilə bağlı Baş prokurora müraciət edilib

16 noyabr 2020-ci il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı, sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

Müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparılması məsələsinə toxunulub.

Bildirilib ki, 2002-ci ildən başlayaraq ermənilər xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə - Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparıb, respublikanın aidiyyatı orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınıb.

Müraciətdə qeyd edilib ki, Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparıb, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri Hamlet Petrosyan olmaqla, qanunsuz arxeoloji qazıntılara başlayıb. Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilib. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma “Tiqranakert şəhəri”ni tapdıqlarını və bu ərazilərin guya “ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar ediblər. 2009-cu ildə bu ərazilərdə “Tiqranakert qoruğu” təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında “Tiqranakert Arxeoloji Muzeyi” yaradıb.

Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlayıblar. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əldə etdiyi qələbədən sonra qanunsuz ekspedisiyanın rəhbəri Hamlet Petrosyan özünün “Facebook” səhifəsində maddi mədəni irs nümunələrinin Şahbulaqda olan muzeydən çıxarıldığını həyasızcasına bildirib.

Müraciətdə qeyd edilib ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli Qanunun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozublar.

Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində  cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.

Azərbaycan alimləri müraciətlərində bildiriblər ki, istintaq-axtarış prosesində ermənilərin abidələrimizlə bağlı daha çox cinayət əməllərinin üzə çıxacağı istisna edilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: