www.science.az
23.10.2020 16:52

Şərqşünaslıq İnstitutunun əməkdaşı "al-Arabi" kanalına və Əlcəzair Dövlət Radiosuna müsahibə verib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.

E.Mustafayev oktyabrın 21-də Londonda yerləşən, "al-Arabi" Tv kanalına müsahibə verərək Ermənistan siyasi-hərbi hakimiyyətinin təxribat xarakterli addımları, Azərbaycanın qədim torpaqları olan Qarabağı işğal etməsi, region dövlətlərinə qarşı ərazi iddiaları qaldırmasını qeyd edib. Bununla yanaşı, azərbaycanlı şərqşünas öz müsahibəsində Ermənistanın heç bir hüquqi normalara sığmayan addımları nəticəsində diplomatik danışıqların mahiyyətini itirdiyini, Azərbaycan dövlətinin və şanlı ordusunun işğal olunmuş bütün əraziləri azad etmək qüdrətində olduğunu vurğulayıb. E.Mustafayev məsələnin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olacağını bir daha ərəbdilli izləyicilərə çatdırıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşı oktyabr 22-də isə Əlcəzair Dövlət Radiosuna müsahibə verib. Müsahibədə o, Ermənistanın son təxribatları, Gəncə, Tərtər, Ağdam, Goranboy və s. yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, hücumlar nəticəsində mülki əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumatları Əlcəzair xalqına çatdırıb. Bununla yanaşı, azərbaycanlı şərqşünas, Qarabağın erməni hərbi qüvvələri tərəfindən işğala məruz qalması, bir milyondan çox insanın öz yurdlarından didərgin düşməsi, işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, o cümlədən həmin ərazilərdə Azərbaycana məxsus maddi, mədəni və dini abidələrin dağıdılması və digər məsələlər barəsində informasiyaları qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.