Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Terminoloji proseslərin idarə edilməsi metodları araşdırılır
16.10.2020 10:25
  • A-
  • A
  • A+

Terminoloji proseslərin idarə edilməsi metodları araşdırılır

AMEA-nın  İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin “Terminoloji proseslərin idarə edilməsi metodları” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko bildirdi ki, terminologiyanın nəzəri və tətbiqi məsələlərinin öyrənilməsi müasir elmi ünsiyyətin ehtiyaclarına əsaslanır. Terminologiya ədəbi dil leksikasının fəal inkişaf edən alt sistemidir və buna görə də araşdırılan terminologiyanın spesifik xüsusiyyətlərini anlamaq çox əhəmiyyətlidir.

Terminologiyada leksiko-semantik proseslərdən bəhs edən məruzəçinin sözlərinə görə, terminologiya ümumi ədəbi dilin leksiko-semantik prosesləri, hiponimiya, definitivlik, polisemiya, sistemlilik, omonimlik, sinonimiya və antonimiya kimi semantik hadisələrlə xarakterizə olunur. Sözü xarakterizə edərkən onu paradiqma üzrə ən yaxın qonşularla (sinonimlər, antonimlər, tematik cəhətdən əlaqəli sözlər) bir sıraya qoymaq əhəmiyyətlidir ki, bu da onların daha effektiv mənimsənilməsinə imkan yaradır.

S.Fomenko terminologiyada çoxmənalılıq, sinonimiya, polisemiya haqqında məlumat verərək, qeyd etdi ki, terminoloji sistemdə terminoloji proseslərə nəzarət üçün ən yaxşı həll onların səmərəli idarə olunmasının təmin edilməsidir. Effektivliyə nail olmaq üçün bu proses hazırda aktual olan ehtiyaclara uyğunlaşdırılmalıdır. Terminoloji proseslərin idarə olunmasında sadə addımlar terminologiyanın çıxarılması və terminlərin kateqorizasiyasıdır.

Bu addımları istənilən formatda yerinə yetirmək mümkündür, lakin terminoloji idarəetmə sistemlərindən istifadə daha məqsədəuyğun olacaq. Bu kimi sistemlər terminoloji informasiyanı gələcəkdə ondan istifadə üçün saxlamağa imkan verən məlumat bazalarından ibarətdir.

“Sonda terminoloji sistemin daxili proseslərlə zəngin olan terminlərdən təşkil olunduğu qənaətinə gələ bilərik. Bu proseslər nəticəsində artıq mövcud olan terminlər dəyişir və yeniləri yaranır. Bu səbəbdən həmin proseslərin öyrənilməsi terminoloji sistemlərlə bağlı aparılan araşdırmaların ayrılmaz hissəsidir”, – deyə S.Fomenko bildirdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: