Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA jurnalistinin “Xocalıya ədalət” şeirinə musiqi əsəri bəstələnib
14.10.2020 17:15
  • A-
  • A
  • A+

AMEA jurnalistinin “Xocalıya ədalət” şeirinə musiqi əsəri bəstələnib

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin “ElmTV” və elektron informasiya sektorunun müdiri, jurnalist Xatirə Cabbarzadənin müəllifi olduğu “Xocalıya ədalət” şeirinə musiqi əsəri bəstələnib. Əsərin bəstəkarı “Azərbaycan Türkiyə”, “Güllələrin mübarək”, “Lailahəilləllah”, "Zəfər marşı" və digər vətənpərvər mahnıların müəllifi, tanınmış bəstəkar Əli Behbudzadədir. Yeni musiqini Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova ifa edib. “Xocalıya ədalət” musiqisi ilk dəfə oktyabrın 13-də Space televiziya kanalının "Hər Səhər" verilişində yayımlanıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan musiqi əsərində dinc əhalinin amansızcasına qətlə yetirilməsi təsvir olunur. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, qanlı cinayətin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, haqq-ədalətin bərqərar olması əsas süjet xəttini təşkil edir. Xalqımıza yönəlmiş soyqırımı aktının tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi tələbi səsləndirilir.

Beynəlxalq terrorizmin əsas qanadlarından olan erməni mütəşəkkil qrup və təşkilatlarının törətdiyi qanlı faciələrin bu gün də ardı-arası kəsilmir. Yaşadığımız informasiya cəmiyyətində dünya ölkələri, o cümlədən Azərbaycanla bağlı tarixi faktlar, həqiqətlər qlobal şəbəkədə əksini tapsa belə “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçiləri öz vəhşi əməllərindən əl çəkmir.

Cari ilin sentyabrın 27-dən başlayaraq düşmənin silsilə hərbi təxribatlarına qarşı dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində bir sıra ərazilərimizin işğaldan azad edilməsi nəticəsində məğlubiyyət yaşayan təxribatçılar yenə də terrora əl atırlar. Cəbhə boyu ərazilərimizi və Gəncə şəhərini raket atəşinə tutub dinc əhaliyə qəsd edirlər.

Erməni vandalları dəfələrlə ətrafda baş verənlərdən xəbərsiz olan, günahsız uşaqları hədəf alıb müharibə qurbanına çevirir. Əvvəllər terror aktları Qarabağda həyata keçirilirdisə, bu gün hərb meydanında məğlubiyyətinin açığını müharibə ərazisindən kilometrlərlə uzaqda yerləşən şəhərlərimizdə yaşayan dinc əhalidən çıxır. Atəşkəs elan olunandan bu günədək 60-dan çox uşaq erməni terrorunun qurbanı olub. Uşaq qatili olan erməni vandalları 30 ilə yaxındı törətdikləri terror aktları nəticəsində həm də neçə-neçə balamızı valideynsiz qoyub. Uşaqlığını yaşamağa macal tapmadan mərmi qəlpələrinə tuş gələn körpə balalarımızın yaşadıqları vahimə gözlərində donub qalıb... Onların həyatına son qoyan qatillər isə bəd niyyətlərini həyata keçirmək üçün hətta oyuncaqlardan da istifadə edirlər...

İnsanlığa qarşı törədilən bu terrora son qoymaq çağırışı səslənən musiqi əsərinin sözləri hazırda müxtəlif dillərə tərcümə olunur və qlobal şəbəkədə yayımlanması nəzərdə tutulur. Məqsəd Qarabağın haqq səsini və erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: