Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilərin virtual astronavt yay məktəbinə yekun vurulub
10.09.2020 11:57
  • A-
  • A
  • A+

Məktəblilərin virtual astronavt yay məktəbinə yekun vurulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “EkoSfera” Sosial-Ekoloji Mərkəz və “Tusi-Bohm Planetarium”un təşkilatçılığı, “Azərkosmos” ASC, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası, Beynəlxalq Astronomiya İttifaqının Azərbaycan Nümayəndəliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Məktəblilərin virtual astronavt yay məktəbi” layihəsi yekunlaşıb.

Pandemiya ilə əlaqədar virtual təşkil olunan yay məktəbinin əsas məqsədi astronomiya, astrofizika, ekologiya, biologiya, fizika, dizayn və mühəndislik istiqamətlərində gənclərin bilik və maraqlarının artırılmasıdır. Yay məktəbinin yekununda yoxlama imtahanında yüksək nəticə göstərən, astronomiya və astrofizika üzrə istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənən 50 məktəblidən ibarət Azərbaycanın Gələcək Astronavtlarının İlk Kosmik Komandasının yaradılması planlaşdırılır. 2020-2021-ci tədris ili boyunca komandanın elmi potensial imkanlarının inkişafını təmin etmək və tədqiqat bacarıqlarını artırmaq məqsədilə beynəlxalq astronomiya, ekoloji layihə və olimpiadalarda iştirakı nəzərdə tutulur.

Yay məktəbinin proqramına “Kosmik biologiya”, “Ulduzların həyatı”, “Peyklər və Azərbaycanın peykləri”, “Yeri kosmosdan öyrənək”, “Astronomiya”, “Həyatımızdakı “fizika” kimi mövzular daxil edilib. Həmçinin “Azərkosmos” ASC-yə, Şamaxı Astrofizika Rəsədxanasına və Milli Aviasiya Akademiyasına virtual turlar keçirilib.

Astronavt yay məktəbində Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, aparıcı elmi işçilər - f.-r.ü.f.d. Ədalət Ətai, Aynurə Məsimova, gənc mütəxəssis Arzu Orucova, Tusi-Bohm Planetarium”un direktoru Famil Mustafa məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: