Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İmişlidə orta əsrə aid gözətçi qalasının izləri aşkar olunub
08.09.2020 09:40
  • A-
  • A
  • A+

İmişlidə orta əsrə aid gözətçi qalasının izləri aşkar olunub

İmişlidə yerləşən Qızıltəpə adlı yaşayış məskənində növbəti arxeoloji qazıntı işlərinə başlanılıb. Ərazidə aparılan qazıntılar zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, İmişli ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: “Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri hücumların qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Ərazisi 4 hektardan çox olan yerin unikallığı su hövzəsi ilə əhatə olunmasıdır”.

Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. 

Arxeoloqun sözlərinə görə, budəfəki qazıntı Titadil adlandırılan hissədə aparılır və 200 kvadratmetri əhatə edir. Qazıntı zamanı ilk dəfə aşkarlanan hörgü divarlarının davamı üzə çıxıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları və dirəklərin olması bir daha onu göstərir ki, bu ərazi yaşayış məskəni olaraq qorunan bir yer olub. İzlər əsasən orta əsri əhatə edir. Həmçinin vaxtilə Araz çayının tarixi qolu bu ərazidən keçdiyi üçün burada əkinçilik və maldarlıq da inkişaf edib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş laborantı Nərmin Bayramova qeyd edib ki, ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri tapılıb. Burada şirli və şirsiz qab qalıqları, həmçinin üzəri naxışlı saxsı əşyalar da üzə çıxıb.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir. Tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: