Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlərin əldə etdiyi nəticələr yeni dərmanların yaradılmasına kömək edə bilər
31.08.2020 11:38
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin əldə etdiyi nəticələr yeni dərmanların yaradılmasına kömək edə bilər

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İnstitutu alimlərinin müştərək beynəlxalq tədqiqatları çərçivəsində mühüm elmi nəticələr əldə olunub.

“Bəzi heterotsiklik birləşmələr laboratoriyası alimlərinin sintez etdikləri yeni maddələrin fizioloji fəallıqları ətraflı tədqiq edilib. Xüsusən bu maddələr içərisində dərman potensialına malik olan azot, fosfor, selen və kükürd ehtiva edən 6 birləşmənin metabolik fermentlərə qarşı güclü inhibitorlaşma fəallığı nümayiş etdirdiyi məlum olub. Bu nəticələr qlaukoma, Altsheymer və diabet daxil olmaqla bəzi qlobal xəstəliklərin müalicəsində yeni dərmanların yaradılmasına kömək edə bilər. Artıq bu mühüm elmi nəticə məqalə şəklində beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “Bioorganic chemistry” nüfuzlu xarici jurnalda birgə müəllifliklə dərc olunub. Məqalə azot, fosfor, selen və kükürd ehtiva edən yeni birləşmələrin sintezi və onların ferment və izovermentlər üzrə inhibitorlaşma xüsusiyyətlərinin təyinin qiymətləndirilməsində yeni yanaşmalara həsr olunub.

Xatırladaq ki, “Bioorganic chemistry” məşhur “Elsevier” nəşriyyatının jurnallarından biri olub, “Web of Science” bazasına daxildir, impakt faktoru 4.831-dir. Biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşan jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: