Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.08.2020 16:30
  • A-
  • A
  • A+

Milli Mətbuat Günü münasibətilə təltif edilən şəxslərə Fəxri fərman təqdim olunub

Milli Mətbuat Günü münasibətilə təltif edilən şəxslərə Fəxri fərman təqdim olunub

22 iyul - Milli Mətbuat Günü münasibətilə AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunan şəxslərin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aidiyyəti şəxslər iştirak ediblər.

Mərasimi akademik İbrahim Quliyev açaraq əsası 145 il öncə “Əkinçi” qəzeti ilə qoyulmuş Azərbaycan milli mətbuatının ötən müddət ərzində bir çox tarixi sınaqlardan uğurla çıxdığını bildirib. Qeyd edib ki, Azərbaycan jurnalistləri görkəmli maarifçi Həsən bəy Zərdabinin tarixi ənənələrinə sadiq qalaraq ölkəmizdə müstəqil milli mətbuat məktəbi formalaşdırıblar. Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı ciddi addımların atıldığını deyən akademik ölkəmizdə jurnalistlərin əməyinin daim yüksək qiymətləndirildiyini söyləyib.

Akademik İbrahim Quliyev hazırda AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyət göstərdiyini və onların respublikada elmi jurnalistikanın inkişafına əməli töhfə verdiklərini vurğulayıb.

Sonra Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov və Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov çıxış edərək Fəxri fərmanla təltif olunan şəxsləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərli, Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasova, Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə və Respublika Seysmoloji Xidmət Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızına AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri fərmanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: