Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gələcəyimizi yaşatmaq üçün keçmişimizi unutmamalıyıq!
04.08.2020 09:32
  • A-
  • A
  • A+

Gələcəyimizi yaşatmaq üçün keçmişimizi unutmamalıyıq!

Dünyada elə bir xalq yoxdur ki, öz tarixində faciə ilə üzləşməmiş olsun. Azərbaycan xalqı isə həm faciəli və həm də zəfər səhifələrini eyni anda yaşamış xalqlardandır. Ölkəmiz çox zülmətlər görmüş, xarici ölkələrin təcavüzünə məruz qalmış, çox itkilər vermiş bir məkandır. Xalqımızın başına gətirilən müsibətlərə şahidlik etmiş 1905-ci, 1918-ci, 1925-ci, 1937-ci illərdə Bakıda və Azərbaycanın bir sıra bölgələrində (Zəngəzur, Quba, Şamaxı və s.) törədilmiş erməni terror aktları azərbaycanlıların soyqırım günləri kimi qan yaddaşımıza həmişəlik həkk olunmuşdur. Həmçinin son 30 ildə 1990-cı ilin 20 yanvar qanlı Bakı hadisələrindən başlamış, Xankəndi (26 dekabr 1991), Xocalı (26 fevral 1992), Şuşa (8 may 1992), Laçın (17 may 1992), Xocavənd (2 oktyabr 1992), Kəlbəcər (2 aprel 1993), Ağdərə (7 iyul 1993), Ağdam (23 iyul 1993), Cəbrayıl (23 avqust 1993), Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993), Zəngilanın (29 oktyabr 1993) işğalı və Tovuz hadisələri ilə bağlı bugünkü olaylar –bütün bunlar Azərbaycan xalqının sınağa çəkildiyi və eyni zamanda milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi tarixlərdir.

Təəssüf ki, bu gün vətənimizin 20% torpaqları (ümumən 17 min kv.km ərazi) erməni qəsbkarları tərəfindən zəbt edilmiş və millətimizin ən yaralı yeri, Azərbaycanın gözəl və dilbər güşələrindən olan Qarabağ hələ də ermənilərin əlindədir. Ancaq bu faciə nə qədər ürəkağrıdıcı olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilməmişdir. Bu yolda ölkəmizə qarşı xəyanətkar siyasətə dözməyən, öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirərək, qəhrəmancasına həlak olan yüzlərlə oğul və qızlarımız Azərbaycanın tarixinə parlaq səhifələr yazmış, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açaraq, özlərini qurban vermişlər. Bu, təkcə yüzlərlə şəhidin dünyanı cismani tərk etməsi deyil... Bu, həm də onların ailə üzvlərinin faciəsidir... Axı, o şəhid kiminsə övladı, kiminsə həyat yoldaşı, kiminsə atası, kiminsə qardaşı, kiminsə bacısı idi... Bu, bütöv bir xalqın faciəsidir...

Son vaxtlarda Ermənistan təxribatının nəticəsi olan Tovuz hadisələri erməni vandalizmini h,bir daha sübut etdi. Hətta dünyanı öz cənginə almış pandemiya şəraiti də onları öz məkrli, qeyri-insani əməllərini həyata keçirmək cəhdlərindən saxlaya bilmədi. Rusiya şirkətləri tərəfindən idarə olunan, borcu büdcəsindən daha çox olan, milli iqtisadiyyatı yox səviyyəsində olan Ermənistan öz ölkəsində gedən neqativ proseslər, iqtisadi problemlər, siyasi böhranın nəticəsi olaraq və insanları mövcud problemlərdən yayındırmaq məqsədilə bu təxribata əl atmaqdan çəkinmədilər və yanıldılar. Dağlıq Qarabağ ərazisinə aid olmayan Tovuz sərhəd xəttini özlərinə hədəf seçmələri, hərbi bölmədən daha çox mülki əhalinin yaşayış evlərinin dağıdılmasına gətirib çıxaran bu əməliyyat, mahiyyətcə ermənilərin tarix boyu törətdikləri qəddarlığın, xəyanətkarlığın təkrarı oldu və dünya onların əsil irticaçı simasının şahidi oldu. Ancaq güclü, mütəşəkkil Azərbaycan Ordusunun cəsarəti və səyi ilə mənfur düşmən böyük itkilərlə susduruldu.

Baş vermiş hadisələr Azərbaycanın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənin mərd övladlarını, canlarından keçərək, şəhidlik zirvəsinə ucalmış sıravi əsgərdən tutmuş generala qədər xalqımızın yeni qəhrəmanlarını üzə çıxardı.

Ermənistanın hərbi, siyasi, informasiya cəbhəsindəki uğursuzluqları səbəbindən artıq Dünya onun işğalçılığına yox demişdir. Hələ cari ilin may ayında Ermənistan yeganə dövlət olaraq, Prezident İlham Əliyevin 130-dan çox ölkənin dəstəklədiyi BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxmaqla, COVID-lə mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə dünyanın diqqətini öz çirkin siyasətinə cəlb etmişdi. Həmçinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevin faktları qarşısında özünü itirərək, kəkələyə-kəkələyə qalması, hətta çaşaraq, “Qarabağ Azərbaycanın ərazisidir” deyərək, doğru fikir səsləndirməsi və dərhal "üzr istəyirəm, Ermənistan" deyərək, fikrini tamamlamağa çalışması çox gülünc idi. Əlbəttə ki, əsil həqiqəti bilə-bilə yalan danışanda, dil dolaşar. Beynəlxalq ictimaiyyət qarşısında açıq debat formatında keçirilmiş bu görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına həm yaxşı dərs vermiş, həm də ona tarixi xatırlatmışdır. Bununla da bütün həqiqətləri dünya ictimaiyyəti üçün açıqlamışdır. İ.Əliyev münaqişənin işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandan ibarət iki tərəfinin olduğunu və burada üçüncü tərəfin olmadığını vurğulamışdır. Cənab Prezident tarixdən danışdıqda, onun saxtalaşdırılmasının yolverilməzliyini bir daha faktlarla sübut edərək, Dağlıq Qarabağ muxtar vilayətinin 1921-1991-ci illər ərzində Azərbaycanın tərkibində status əldə etdiyini və Qafqaz bürosunun qərarında məhz “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” - yazıldığını nəzərə çatdırmışdır.

Bu gün mübariz xalqımız düşməndən öz qisasını almaq üçün hər an Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bircə əmrinə hazırdır. Ölkəmizin vətənpərvər övladlarının ön cəbhəyə getmək üçün könüllü olaraq qeydiyyata düşmələri, bu mübarizədə iştirak etmək niyyətləri buna bariz nümunədir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı yaranmış vəziyyətlə əlaqədar artıq Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq, Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağrılmaqla döyüşlərə qatılmalarını xahiş etmişlər.

Bu həyəcanlı günlərdə təkcə Azərbaycanda deyil, Azərbaycan səfirliyinin işlədiyi, diasporumuz olduğu Asiya, Avropa ölkələrində və Amerikada da azərbaycanlılar vətənin bayrağını uca qaldıraraq, öz haqq səslərini, baş vermiş hadisələrin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə işğal əleyhinə etiraz və Azərbaycana dəstək aksiyalarını həyata keçirmişlər. Bu -həmrəyliyin təcəssümüdür. Ancaq erməni quldurları sülh şəraitində rəsmi icazə ilə keçirilən bu nümayişləri də pozmağa cəhd göstərmişlər. Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə törədilmiş qarşıdurmalar, hiddət doğuran fiziki təzyiq, aqressiya və vandalizm hərəkətləri düşmənlərimizin iç üzünü açdı.

Ancaq bütün baş verənlər Azərbaycan millətini daha da mətinləşdirərək, onun mübarizliyini və qətiyyətini zərrə qədər də sarsıda bilmədi. Çünki bizim qəhrəmanlar böyüdən, özündə güc taparaq, “Vətən sağ olsun” kəlmələri ilə şəhid övladlarını son mənzilə yola salan valideynlərimiz, atasının cənazəsi önündə özündən kiçik bacısının göz yaşlarını silmək iqtidarında olub, bir gecədə yetkinləşən uşaqlarımız, ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmaq istəyən gənclərimiz var...

Artıq 30 ildir ki, Bakının ən yüksək nöqtələrindən birində və Azərbaycanın digər şəhər və rayonlarında vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı bölgələrimizdə döyüş zamanı həlak olanların dəfn edildiyi, əbədi məşəlin alovlandığı, xalqımızın şərəfli tarixi məqamlarını özündə saxlayan və hər bir azərbaycanlının And yerinə çevrilmiş Şəhidlər Xiyabanı deyilən müqəddəs yer var... Burada uyuyan oğul və qızlarımızın əziz xatirəsi həmişə ehtiramla yad edilir. Bizim bu günümüz üçün öz canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Unutsaq, unudalırıq... Öz keçmişini unudan gələcəyini yaşada bilməz. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Azərbaycan gündən-günə daha da qüdrətli və nüfuzlu dövlətə çevrilir. Bu gün Azərbaycanı dünya qəbul edir və hesablaşır. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan Respublikasının atdığı və bundan sonra da atacağı bütün addımları bəyənir və dəstəkləyir.

Biz bütün varlığımızla əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında düşmənin istənilən təxribat və hücumunun qarşısını almağa qadir olan və dünya miqyasında 50 ən güclü orduları sırasında özünə yer almış qüdrətli Azərbaycan Ordusu Azərbaycanın bütövlüyünü bərpa edəcək və doğma vətənimizin şərəfli tarixinə yeni, daha parlaq səhifələr yazılacaqdır!

Xuraman Xəlilova, AMEA-nın Botanika İnstitutunun elmi katibi, b.ü.f.d., dosent 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: