Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya elmi ictimaiyyətinə ağır itki üz verib
02.07.2020 11:24
  • A-
  • A
  • A+

Geologiya elmi ictimaiyyətinə ağır itki üz verib

Geokimya sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar geoloqu, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay 79 yaşında vəfat edib.

Çingiz Mirəli oğlu Kaşkay 1941-ci il iyulun 31-də Bakıda anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (hazırki AMEA Geologiya və Geofizika İnstitutu) fəaliyyətə başlamışdır. 1967-ci ildə “Alunitlərin əmələ gəlməsinin fiziki-kimyəvi şəraiti” mövzusunda namizədlik, 1975-ci ildə isə “Alunit qrupu və onun struktur analoqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Alim eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitlərini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamiki parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. O, eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir.

Ç.Kaşkayın elmi maraq dairəsində Azərbaycanın palçıq vulkanları ilə bağlı tədqiqatlar da yer almışdır. O, vulkan palçığının geokimyəvi xüsusiyyətlərinə əsaslanaraq onların təbii müalicəvi preparat kimi tibbdə geniş istifadə edilməsi məqsədilə bir sıra təkliflər irəli sürmüş və bu məhsulların Azərbaycan, Rusiya və Türkiyənin tibb müəssisələrində tətbiqi istiqamətində fəaliyyət göstərmişdir.

Alim 1978-1991-ci illərdə Geologiya İnstitutunda Filiz yataqlarının geokimyası və mineralogiyası laboratoriyasının və Geokimya şöbəsinin rəhbəri vəzifələrində çalışmış, 1992-2003-cü illərdə Türkiyənin Gəbzə və İstanbul Texniki Universitetlərində fəaliyyət göstərmişdir. 2012-ci ildən Metallogeniya şö­­­­­bə­­­sinin əsasında yaradılmış Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinə rəhbərlik etmişdir.

Onun rəhbərliyi altında struktur-formasiya zonalarının for­ma­laş­masının müxtəlif geodinamik rejimlərinin alp maq­­matik və metasomatik komplekslərinin petroloji-geokimyəvi meyarları, qara şistlərdə metalların diferensia­si­ya­sında və geokimyəvi anomal zonaların əmə­lə­gəlmə prosesində sorbsiya-desorb­si­ya amillə­rinin rolunun tədqiqi, struktur-formasiya zonalarında və filiz ra­yonlarında filizlərin ekoloji təhlükəsiz üsul­larla çıxarılma texnologiyalarının tətbiqi üçün əlve­rişli sahələrin seçilməsi və s. istiqamətlərdə tədqiqatlar aparılmışdır.

Azərbaycanda ilk dəfə təməli qoyul­muş ekoloji təhlükəsiz geotexnologiya elm sahəsinin inkişafı və bu elmin tətbiq sahəsi olan filizlərdən nəcib metalları zərərsiz məh­lul­larla bilavasitə yer altında yuyulub çı­xara biləcək üsulların işlənilməsi istiqamə­tində tədqiqatlar Çingiz Kaşkayın rəhbərliyi ilə yerinə yetirilmişdir. Bu istiqamətin inkişafı Azərbaycan Res­publikası Nazirlər Kabineti­nin xüsu­si sərəncamı ilə dəstəklənmişdir.

Ç.Kaşkayın elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qızıl və onu müşayiət edən ele­mentlərin filizlərdən çıxarılması üçün ekoloji zərərsiz yeral­tı aşındırma texnologiyası üzrə elmi-tədqiqat işləri apa­­­­­rılmışdır. Həmçinin kom­püter və eksperimental mo­­­delləşdirmədən isti­fadə edilərək seçilən hər bir yatağın filizlərin­dən qızılı və onu mü­şayiət edən elementləri çıxara biləcək ən optimal texnoloji rejimlər aş­kar edilmişdir. Texnoloji prosesləri bila­vasitə yataq üzərində aparmaq məqsədilə “Mo­bil pilot kompleksi” yaradılması da alimin rəhbərliyi ilə reallaşmış və yerin altında yuyu­cu məhlulların hərəkətini istiqamətləndirən və təmzimləyən yeni texnoloji üsul üzrə pa­tent alınmışdır.

Alim əməkdaşları ilə birlikdə Azər­bay­can Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Gәdәbәy filiz sa­hә­sindә zә­rәr­siz xlorit metodu ilә geo­tex­noloji işlәrin apa­rılmasının araşdırıl­ması” mövzu­sun­da qrant layihəsini yerinə yetirmiş, nəti­cə­də Gədəbəy filiz sahəsində və Azərbay­canın başqa bu tip yataqlarında tətbiq oluna biləcək klassik sianid texnologi­yasından geri qalmayan, hətta bəzi parametr­lərə görə on­dan üstün olan xlorit texnologiyası işlənil­miş­dir. Həmin fondun digər layihəsi “Bö­yük Qaf­qazın cәnub yamacında Duruca strukturunun qızıldaşıyan qara şistlә­rindәn qızılın vә digәr nәcib elementlәrin yatım yerindә çıxarıl­ma texnologiyasının işlәnilmәsi” üzrə apa­rı­lan laboratoriya sınaqları nəticəsində qızıl­saxlayan obyektin mü­hüm geotexnoloji xas­sə­ləri – filtrasiya əm­sa­lı, filizlərdən me­talın çıxarılma dərə­cəsi, ren­tabelli məhlul­lar­da metalın orta miqdarı və s. təyin olun­muş­dur.

O, filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi istiqamətində apardığı son tədqiqatlar nəticəsində sənaye əhəmiyyətli elementlərin səmərəli yolla əldə edilməsinə imkan yaradan 2 innovativ təklif irəli sürülmüşür ki, bu innovasiyaların dağ-mədən və kimya texnologiyası sənayesində istifadəsi nəzərdə tutulur.

Geoloq alim 100-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 6-sı ABŞ-da, Kanada, Fransa və İsveçrədə alınmış 23 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 4 elmlər namizədi hazırlanmışdır.

Şərəfli ömür yaşamış Çingiz Kaşkayın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: