Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunda yaşıllaşdırmada geniş istifadə olunan bitkilər üzərində tədqiqat işləri aparılıb
22.06.2020 09:51
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda yaşıllaşdırmada geniş istifadə olunan bitkilər üzərində tədqiqat işləri aparılıb

AMEA-nın Dendrologiya İnstitutunda Maqnoliya cinsinə aid olan bəzi növlər üzərində tədqiqat işləri aparılıb.

Belə ki, elm müəssisəsinin dissertantı Pərvin Şıxəliyeva yaşıllaşdırmada geniş istifadə edilən Maqnoliya cinsindən olan bəzi növlərin üzərində tədqiqat işləri aparıb.

P.Şıxəliyeva bildirib ki, yaşıllaşdırmada geniş istifadə edilən bu növlərdən biri də Maqnoliya liliiflora- Zanbaqçiçək maqnoliya növüdür. Tədqiqat işində qeyd edilən növün Abşeronda toxumla və qələmlə çoxaldılması qarşıya məqsəd qoyulub.

Onun sözlərinə görə, Maqnoliya liliiflora 4 metrə qədər hündürlükdə yarpağını tökən koldur. Bu növ morfoloji əlamətlərinə görə digər növlərdən fərqlənir. Ən çox diqqəti cəlb edən onun forma və rənginə görə gözəl çiçəklərinin olmasıdır. Yazın əvvəlində mart-aprel aylarında çiçəkləyir. Çiçəklərdən hamaş meyvələr yaranır, toxumları qırmızımtıl-narıncı rəngdə olur.

Tədqiqat işində Maqnoliya cinsinə (Magnolia L.) aid olan “Magnolia liliifloraL.” növünün Abşeron şəraitində toxumla, qələmlə çoxaldılması, dinamiki inkişafı öyrənilib və yaşlı nüsxələrdə fenoloji inkişaf fazaları üzrə müşahidələr aparılıb. Toxumlar sentyabr və fevral aylarının birinci ongünlüyündə təcrübə sahələrində xüsusi hazırlanmış substrat qarışığında 1,5-1,8 santimetr dərinliyində səpilib. Fevralda səpilmiş toxumlar ultrabənövşəyi şüalar altında saxlanılıb və səpilmiş toxumlardan aprelin 3-cü ongünlüyündə cücərtilər müşahidə edilib. Tədqiqatın gedişatından məlum olub ki, səpilmiş toxumlar rütubətli torpaqlarda, günəşli yerlərdə daha tez cücərir. Bitkinin toxumla çoxaldılması xüsusi diqqət tələb edir. 

Qeyd edilib ki, Zanbaqçiçək maqnoliyanın qələm vasitəsilə çoxaldılması üzrə tədqiqat işi isə yazda aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, yeni əkilmiş qələmlər bol suvarılmaya ehtiyac duyurlar. Magnolia cinsinə aid olan “Magnolia grandiflora L.–İriçiçək Magnoliya” növüdür. “Maqnolia grandiflora” toxum və qələm vasitəsilə çoxaldılır. Toxum vasitəsilə çoxaldılan zaman toxumlar toplanan kimi və ya 4 dərəcə temperaturda 3-6 ay saxlanıldıqdan sonra yazda əkilməlidir. Bu növün qələmlə çoxaldılması ən çox yazda yaşıl növlərə tətbiq edilir. Bitkidən qələm götürən zaman təzə iti kəsicidən ya da spirt məhlulunda təmizlənmiş kəsicidən istifadə olunmalıdır. 

Təqdqiqatçı əlavə edib ki, Magnolia fəsiləsinin Liriodendron cinsinə aid olan “Liriodendron tulipifera” növü də yaşıllaşdırmada əvəzsiz növlərdən biridir. Sarı çiçəkləri olan “Liriodendron tulipifera L” növü tədricən Abşeron şəraitinə uyğunlaşdırılıb. Dinamiki inkişafının təhlilində alınmış nəticələr əsasında boy artımının vətəndən fərqli olaraq 2 dəfədən az olması aşkar edilib. 

Pərvin Şıxəliyeva bildirib ki, tədqiqat işində tülpan ağacı növünün Abşeron şəraitində ilk dəfə olaraq qələmlə çoxaldılması da öyrənilib. Tədqiq olunan növ Abşeronun sərt şaxtalarına davamlı olub, bəzi cavan nüsxələrdə yerüstü hissəsi məhv olmasına baxmayaraq yazda yenidən bərpa olub. Növ dekorativ əlamətlərinə - çiçəyinə, çətirinə görə qruplaşdırılıb, park və bağlarda tək və qrup əkinlərində, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: