Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2020 11:34
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda bioloji müxtəlifliyin qorunması istiqamətində tədqiqatlar aparılır

Dendrologiya İnstitutunda bioloji müxtəlifliyin qorunması istiqamətində tədqiqatlar aparılır

Azərbaycanın bitki örtüyünə antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, texnogen landşaftın rekultivasiyası, populyasiyaların fenogenetik differensiyasiyasının tədqiqi günümüzün ən aktual məsələlərindən biridir.

Bioloji müxtəlifliyin qorunub saxlanılması istiqamətində mühüm strateji əhəmiyyətə malik olan, botaniki tədqiqatların praktiki təcrübi bazası sayılan Dendrologiya İnstitutunda da bu istiqamətdə geniş elmi əsaslarla tədqiqat işləri aparılır. 2011-ci ildə müasir standartlara cavab verən, tədqiqatlarını müasir metodlarla həyata keçirən Dendroxronologiya laboratoriyasının yaradılması müəssisədə bu istiqamətdə işlərin aparılmasına təkan verib. Laboratoriyanın əsas fəaliyyət istiqamətləri təbii və mədəni florada olan nadir növlərin populyasiyalarında baş verən proseslərin biometrik analizinin aparılması, dendroxronoloji məlumatların toplanılması, biometrik analizlərin, təbii və mədəni florada olan növlərin müqayisəli təhlilinin və digər təbii hadisələrin baş verməsi haqda əvvəlcədən məlumat almaqdır.

Laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın sözlərinə görə, dendroxronoloji tədqiqatlardan son minilliklərdə bioloji dəyişikliklərin öyrənilməsi üçün istifadə olunur. O, qeyd edib ki, dendroxronologiyaya əsasən, ağacın böyüdüyü yerin hidrologiyasını, keçmişdə iqlim dəyişkənliyinin növlərə təsirini də qiymətləndirmək mümkündür.

"Dendroxronoloji və dendroklimatik tədqiqatların əsas məqsədi iqlim amilləri ilə meşə əmələ gətirən növlərin illik radial artımı arasında korelyativ əlaqələrin müəyyənləşdirilməsi, uzun tarixi dövr ərzində ağac-halqa xronologiyalarına əsasən iqlim dəyişikliyinin bitkilərə təsirinin öyrənilməsi, gələcəkdə iqlim dəyişikliyinin qısa müddətli proqnozunun verilməsidir", - deyə alim vurğulayıb.

Müasir cihazlarla təchiz olunan laboratoriyada tədqiqatlar zamanı LİNTAB6 və RESISTOGRAPH dendroxronoloji avadanlıqlarından istifadə edilir. LİNTAB6-nın tətbiqi ağacın illik halqalarının dəyişkənliyi haqqında məlumat əldə etməyə və dendroxronoloji analiz üçün istifadə etməyə imkan verir. RESISTOGRAPH avadanlığı isə ağacların daxili vəziyyəti haqqında məlumatları qısa vaxt ərzində əldə etməklə gizli çürükləri, çürümə zonalarını, daxili çatlaqlarının yerini və həcmini tez bir zamanda müəyyənləşdirir.

Laboratoriya əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın regionlarına ekspedisiyalar təşkil olunaraq senopopulyasiyaların monitorinqi, Azərbaycanın təbii və mədəni florasında cinslərin taksonomiyası, məhv olmaq təhlükəsində olan və nadir növlərin populyasiyalarında baş verən proseslər və s. araşdırılır. Aparılmış tədqiqatların nəticəsinə əsasən, qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə, eləcə də meşə sahələrinin, doluluğunun və meşə ehtiyatlarının azalmasına gətirib çıxardığı müəyyənləşdirilib. 

S.Bağırova bildirib ki, turizm infrastrukturunun inkşafı ilə ətraf mühitə maksimum təzyiqin müəyyənləşdirilməsi, ekoloji turizmin və onun yeni formalarının inkişaf etdirilməsi nəticəsində meşələrə artan rekreasiyanın mənfi təsirinin qarşısının alınması məsələləri ilə daha ciddi məşğul olunmalıdır. Təbii bərpanın gedişi zəif olduğundan, ərazilərdə meşələrin rayonlaşdırılmış növlər hesabına bərpa etdirilməsi, keyfiyyətinin və məhsuldarlığının artırılması, əlavə torpaq sahələri hesabına yeni meşəliklər və yaşıllıqların salınması ilə ölkənin yaşıl örtüyünün artırılması prioritet məsələ kimi qarşıya qoyulmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: