Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Muxtar İmanovun 65 yaşı tamam olur
27.05.2020 22:18
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanovun 65 yaşı tamam olur

Mayın 28-də folklorşünaslıq sahəsində tanınmış alim, AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun 65 yaşı tamam olur.

Muxtar İmanov 1955-ci il mayın 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Universitetinin Filologiya fakül­təsi­ni bi­tirib və həmin il Şərur rayonunun Həmzəli kənd orta məktəbində müəllim kimi əmək fəaliy­yətinə başlayıb. Alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, Folklor İnstitutunda böyük və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2011-ci ildən AMEA-nın Folklor İnstitutunun direktorudur.

O, 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik, 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik M.İmanov 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 

Folklorşünas alimin elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm probleminin nə­zə­ri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual prob­lem­­lə­ri­nə həsr olunub. O, “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gü­lü­­­şün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləş­mə­si”, “Folklor həm keçmiş, həm də bugündür” kimi monoqrafiya və kitablarının, çoxsaylı elmi əsər və məqalələrin müəllifidir.

İlk dəfə alimin araşdırmalarında Azərbaycan yazılı və şifahi ədəbiyyatında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma predmetinə çevrilib, bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında əksini tapan, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.

M.İmanov yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirib, ədəbi düşüncənin yazılı və şifahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının ilk nəzəri təhlil standartlarını təqdim edib.

O, Azərbaycan folklorunun toplanması, tərtibi və nəşr olunması sa­həsində əvəzsiz xidmətlər göstərib. Akademik “Zəngəzur folkloru” (Azərbaycan folkloru antologiyası, VII kitab) və 9 cild­lik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəhbəri və həmmüəllifidir.

Görkəmli folklorşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: