www.science.az
19.05.2020 12:09

Nizami Muzeyində virtual açıq qapı günü keçirilib

Bu il 80 illik yubileyini qeyd edəcək AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi artıq iki aydır davam edən “Nizami muzeyində sizinlə” layihəsinin növbəti mərhələsini təqdim edib.

Cari təqdimat 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunub.

Məlum olduğu kimi, 1977-ci ildən etibarən mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanın muzey və qoruqlarında Beynəlxalq Muzeylər Günü açıq qapı günü təşkil olunur. Yerli və xarici qonaqlar həmin gün muzeyləri biletsiz ziyarət edə bilirlər.

Lakin bu il mayın 18-i koronavirusun yayılması ilə əlaqədar karantin rejimi dövrünə təsadüf etdiyindən digər muzeylər kimi AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də “Açıq qapı günü”nü ənənəvi şəkildə keçirmək imkanından məhrum olub. Muzey əməkdaşları virtual açıq qapı layihəsini bir ilk olaraq tətbiq ediblər.

Belə ki, mayın 18-də bir sıra sosial şəbəkələrdə, muzeyin rəsmi veb-saytında və “YouTube” kanalında nümayiş etdirilən videoçarxda ilk növbədə, müəssisənin direktoru, akademik Rafael Hüseynov muzeylərin insanların həyatındakı əhəmiyyətindən, xalqların tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsində bu qəbil sənət ocaqlarının rolundan danışıb. Alim qeyd edib ki, muzey yaddaş, tarix, mənəviyyat deməkdir. Hər bir xalqın tarix içərisində inamla irəliləyə bilməsi üçün onun öz tarixini, zəngin mənəvi irsini yaxşı bilməsi vacibdir. R.Hüseynov vurğulayıb ki, Nizami Muzeyi Azərbaycan xalqının 3 min ildən artıq bir dövrü əhatə edən mədəniyyət və ədəbiyyat tarixi haqqında yaddaşı yaşatmaqda, təbliğ etməkdədir.

"Muzeydə yalnız peşəsini sevənlər, bu işin mənəvi məsuliyyətini dərk edənlər çalışa bilər. Bu sevgi peşə bayramında da özünü göstərir. Çünki muzey əməkdaşları peşə bayramlarında başqa zamanlardan daha çox çalışmalı olur. Elə bu səbəbdəndir ki, karantin rejiminə rəğmən muzey öz ənənəsini pozmamaq üçün bu il açıq qapını virtual şəkildə keçirir və muzeysevərləri ekran başına toplayır", - deyə akademik R.Hüseynov bildirib.

Daha sonra o, respublikanın bütün muzeylərinin əməkdaşlarını və muzeysevərləri təbrik edib, videosəyahəti açıq elan edib.

Videosəyahətdə muzeyin bələdçiləri ekspozisiya zallarından görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə məlumatlar verib, muzeyin qiymətli eksponatlarını - əlyazmalar, klassik əsərlərə toxunmuş süjetli xalçalar, miniatürlər, şair və yazıçılarımızın müəllifi olduğu bədii əsərlər əsasında çəkilmiş tablo və illustrasiyalar, eləcə də arxeologiya nümunələri, memarlıq abidələrinin maketlərini izləyicilərə təqdim ediblər. Muzey bələdçiləri, həmçinin Azərbaycan dili ilə yanaşı, ingilis, rus, ərəb və fars dillərində öz təbriklərini çatdırıblar.

Virtual açıq qapıya muzeyin 3 filialı – Xaqani Şirvani adına Aran Regional filialı, Xurşidbanu Natəvan adına Qarabağ filialı, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzi də qoşulub.

Muzeydə virtual açıq qapı gününü yekunlaşdıran akademik R.Hüseynov bildirib ki, dünyanın hər yerində muzeylər insanlar üçündür. Elə bu səbəbdən də muzeylərin bayramı yalnız muzey işçilərinin deyil, hər kəsin bayramı sayılmalıdır. Direktor bütün muzey işçiləri adından belə bir arzusunu da dilə gətirib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyəti kimi möhtəşəm bir irsin varisi və sahibi olan xalqımız muzeyləri tez-tez ziyarət etsin, bu vərdişi övladlarına aşılasın və hər kəs imkanı daxilində ölkə muzeylərinin zənginləşməsinə öz töhfələrini versin.

Virtual açıq qapı günü Nizami Muzeyinə həsr edilən, sözlərini Rafael Hüseynovun yazdığı, musiqisini Rizvan Sədirxanovun bəstələdiyi, solist Gülşən İbadova-Akın və xorun ifa etdiyi “Söz məbədi” adlı nəğmə ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.