Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Astronomlar partlayışla müşahidə olunan quyruqlu ulduz tapıblar
12.05.2020 12:22
  • A-
  • A
  • A+

Astronomlar partlayışla müşahidə olunan quyruqlu ulduz tapıblar

Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib. Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında bir quyruqlu obyekt kəşf edib. Quyruqlu ulduz su-buz komponentindən əmələ gələn müəyyən miqdarda hidrogenin köməyi ilə aşkarlanıb. Yeni obyekt SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, SWAN kometi Yerdən 1.1 astronomik vahid uzaqlıqda yerləşir. Bu kometi müşahidə etmək üçün Cənub yarımkürəsi daha münasibdir. Komet may ayının ortalarına yaxın açıq gözlə də müşahidə oluna bilinəcək. Hesablamalara görə, SWAN kometi bu gün Yerə ən yaxın məsafədən keçəcək (84 milyon km.), mayın 27-də isə periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 milyon km) keçəcək.

Astronomlar fərz edir ki, komet bu aralar partlayış modunda olmalıdır. Bu, müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər ki, belə olduğu təqdirdə, hətta Şimal yarımkürəsindən müşahidə ediləcək. Hazırda komet astronomların proqnozlarına əsasən öz parlaqlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun.

Qeyd edək ki, kometlərin əsas xüsusiyyətlərindən biri də onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. SWAN kometi mayın 15-də Triangulum (üçbucaq bürcü) bürcündə, növbəti günlərdə isə Alqol adlı ulduza yaxın olacaq. Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: