Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Namiq Cəlilov: “Beynəlxalq layihələr çərçivəsində yerinə yetirilən elmi işlər məsafədən davam etdirilir”
01.05.2020 11:33
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Namiq Cəlilov: “Beynəlxalq layihələr çərçivəsində yerinə yetirilən elmi işlər məsafədən davam etdirilir”

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) fəaliyyətini xüsusi karantin rejiminin tələblərinə uyğun həyata keçirir. Rəsədxananın xüsusi əmək rejimində çalışan əməkdaşları istisna olmaqla, digər işçilər fəaliyyətlərini məsafədən davam etdirirlər.

Bu barədə məlumat verən qurumun direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, ŞAR-ın əməkdaşları tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan tədqiqat işlərinin yerinə yetirilməsinə dair mövzu və iş rəhbərləri ilə onlayn müzakirələr aparılır. Məlum vəziyyətlə əlaqədar rəsədxana teleskoplarında müşahidələr isə müvəqqəti olaraq dayandırılıb.

“Bu müddət ərzində qurumun əməkdaşlarının müəllifi olduğu bir neçə məqalə yüksək impakt faktorlu jurnallarda çap olunub”, – deyə bildirən N.Cəlilov alınmış müşahidə materiallarının təhlili və yeni məqalələr üzərində də işlərin aparıldığını qeyd edib.  

Alim beynəlxalq layihələr çərçivəsində yerinə yetirilən elmi tədqiqat işlərinin məsafədən davam etdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, institutun qalibi olduğu Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı tərəfindən maliyyələşdirilən “Marie-Sklodowska-Curie” qrant layihəsi çərçivəsində elmi tədqiqat işləri və gələcək planlar "Skype" vasitəsilə müzakirə olunur.

AMEA-nın müxbir üzvü N.Cəlilov qurumda 5 magistrant üçün təşkil olunan distant dərslərdən də danışıb. Bildirib ki, I kurs magistrantlar üçün rəsədxana alimləri tərəfindən onlayn dərslər təşkil olunur. II kurs magistrantlar isə elmi-pedoqoji təcrübəyə cəlb olunublar. Onlar dissertasiya işlərinin tamamlanması ilə bağlı mütəmadi olaraq elmi rəhbərləri ilə distant əlaqə saxlayırlar.

Direktor hazırda rəsədxananın 2 əməkdaşının Avropa ölkələrinin aparıcı təşkilatlarında fəaliyyətlərini davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, bir əməkdaş Almaniyanın Leibniz adına Potsdam Astrofizika İnstitutunda “Cavan T Buga tipli Ae/Be Herbiq ulduzlarında maqnit sahəsi” üzrə postdoktoral, digər əməkdaş isə Belçika Krallığının Leuven Katolik Universitetinin Astrofiziki Plazmanın Riyazi problemləri mərkəzində “Günəş tacında maqnithidrodinamika dalğalarının ədədi modeli” mövzusu üzrə fəlsəfə doktoru hazırlığı üzrə elmi tədqiqat işləri aparır.

O, həmçinin bildirib ki, rəsədxananın gənc alim və mütəxəssisləri tərəfindən dünyanın aparıcı elm mərkəzlərində elan olunmuş doktorantura proqramlarına onlayn müraciətlər olunub, tövsiyə məktubları göndərilib.

Bununla yanaşı, postpandemiya dövrü üçün yeni tədqiqat planları, müxtəlif fondlara təqdim etmək üçün elmi layihə və proqramlar hazırlanmaqdadır.

Alim rəsədxananın əsas binasındakı bütün iş otaqlarında, o cümlədən muzey, konfrans zalı, kitabxana və dəhlizlərində, labarotoriya və teleskop binalarında, həmçinin rəsədxananın balansında olan nəqliyyat vasitələrində aparılan dezinfeksiya işlərindən, ŞAR-ın ərazisində mühüm əhəmiyyət kəsb edən obyektlərin etibarlı mühafizəsindən bəhs edib.

N.Cəlilov qurumun ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə görülən məqsədyönlü tədbirlərə dəstək verdiyini, rəsədxananın bir qrup əməkdaşının könüllü olaraq bir aylıq əməkhaqqılarının 15 faizinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüldüyünü diqqətə çatdırıb: "İnanırıq ki, COVID-19-la mübarizədə dövlətimiz tərəfindən yerinə yetirilmiş qabaqlayıcı tədbirlər tezliklə öz bəhrəsini verəcək və hamı öz normal iş şəraitinə qayıdacaq". 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: