Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nailiyyətlər, islahatlar və inkişaf yollarında  (AMEA-nın 75 illiyinə qısa baxış)
20.03.2020 18:26
  • A-
  • A
  • A+

Nailiyyətlər, islahatlar və inkişaf yollarında (AMEA-nın 75 illiyinə qısa baxış)

2020-ci ilin martında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 75 illiyi tamam olur. AZƏRTAC yubileylə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məqaləsini təqdim edir.

X X X

XXI əsr çoxsaylı ziddiyyətli meyillərlə səciyyəvidir. Texnoloji və informasiya inqilabı bu meyillər arasında mühüm, hətta həlledici yer tutur. Coşqun tərəqqi, yüksəliş, inkişaf etmiş dövlətlərin ölçülüb-biçilmiş iqtisadi siyasəti, zamana adekvat düzgün elmi strategiya, oriyentirlərin dəyişməsi və hakimiyyət təsisatlarının sabitliyi ilə bağlıdır. Elm həmişə güclü dövlətlərin imtiyazı olub. Üstəlik, həmin dövlətlərin gücü çox cəhətdən onların elmi uğurlara nə dərəcədə diqqətlə yanaşması, real praktikada elmi nailiyyətlərdən nə dərəcədə bacarıqla istifadə etmələri ilə bağlı olub. Tariximizin müxtəlif peripetiyaları ilə əlaqədar, Azərbaycan dərin elmi ənənələrə malik ölkələr sırasında olub. Bu, prinsip etibarilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərin islahatlar keçirilməsində və ölkənin modernləşdirilməsində istifadə edilməsinə imkan yaradır.

Şübhəsiz, hər bir islahat, hər bir modernləşmə liderdən, onun işgüzar keyfiyyətlərindən, iradə və biliklərindən, gələcəyə istiqamətlənməsindən, sabitliyi və yaradıcılığı, təsisatların davamlılığını və vətəndaşların bacarığını, hüquqi dövləti və ənənələri birləşdirmək məharətindən asılıdır.

Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyi onun şanlı keçmişindən nələrin elmimizin tarixinə çevrilməsini və Prezidentimizin ölkədə davamlı inkişafa və dərin dəyişikliklərə yönəlmiş islahatçı kursu üçün elmi resurs təmin etməyə qabil olmasını dərk etmək və bu barədə düşünmək üçün gözəl fürsətdir. Milli Elmlər Akademiyasının yubileyi bizi bütün dövlət təsisatlarında və cəmiyyətdə islahatlara və modernləşməyə yönəlmiş bu kursu fəal dəstəkləməyə istiqamətləndirir. Ölkəmiz gələcəyə can atdıqca bu hadisə - milli elmi təfəkkürün dövlət ocağının yaradılmasına, Azərbaycan cəmiyyətinin intellektual qüvvələrinin cəmləşdiyi, müasir elmin idarə edilməsinin, əlaqələndirilməsinin və inkişafının vahid mərkəzinin qurulması bir o qədər sanballı hadisə olacaq. Ümumi şəkildə desək, sürətli modernləşmə yoluna qədəm qoymuş ölkəmiz özünün çoxəsrlik tarixində analoqu olmayan çox mühüm, güclü bir mexanizm əldə edib. Bunsuz milli inkişafın strategiyasını təsəvvür etmək olmaz.

“XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti ölkəmizdə elmin, təhsilin sürətli inkişafı olub”, - bu fikir ümummilli lider Heydər Əliyevin respublikamızın tarixində əlamətdar günlərə və hadisələrə həsr edilmiş çıxışlarının ana xəttidir. Daha sonra: “Bütün bunlar bizim milli sərvətimizdir... Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik”.

Azərbaycan elminin bu yubileyində, ilk növbədə, mili elmin, mədəniyyətin və mənəviyyatın görkəmli təzahürlərindən birinin - Elmlər Akademiyasının təsis edilməsinin təməlini qoyanların, onun banilərinin, ilk azərbaycanlı akademiklərin xatirəsinə ehtiram bildirmək bizim vəzifə borcumuz və ənənələrin tələbidir: böyük bəstəkar, azərbaycançılığın ideoloqu və maarifçi Üzeyir Hacıbəyli; sovet kimya elminin hamılıqla qəbul edilmiş nüfuzlu nümayəndəsi Yusif Məmmədəliyev; Azərbaycan geologiya elminin baniləri Mirəli Qaşqay, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, ədəbi irsləri bu gün də milli ədəbiyyatın zirvələrindən biri kimi qalan dahi Səməd Vurğun və dərin zəkalı söz ustası Mirzə İbrahimov, Azərbaycan fəlsəfə məktəbinin görkəmli nümayəndəsi Heydər Hüseynov, görkəmli həkimlər Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşov, Azərbaycan milli memarlığının simasını dəyişmiş görkəmli arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov.

Onların yaratdığı Azərbaycan Elmlər Akademiyası öz parlaq nailiyyətləri ilə sovet və dünya elminin ayrılmaz tərkib hissəsinə çevrilib. Onların çoxu dövlət təltiflərinə layiq görülüb. Artıq tarixə qovuşmuş o ölkə indi, əlbəttə, çoxları tərəfindən tənqid edilir, lakin bunu etiraf etməmək olmaz ki, həmin ölkənin fundamental elmi çox şeyə nail olub, Azərbaycan elmi isə onun zirvələrindən biri idi. Kimya, neft kimyası, geologiya, daha sonra fizika və riyaziyyat ona dünyada hörmət və ehtiram qazandırıb.

Gəlin xatırlayaq ki, Azərbaycan alimləri kumolun katalitik sintezini, yüksək oktanlı aviabenzin komponentini yaradıb və böyük miqyasda tətbiq ediblər. Bu, Böyük Vətən müharibəsi illərində cəbhəni ən yüksək oktanlı aviasiya benzini ilə təmin etməyə imkan verib (akademik Yusif Məmmədəliyev, 1946-cı ildə SSRİ dövlət mükafatı).

Kimya texnologiyasının və kinetikanın fundamental əsasları yaradılıb, onların əsasında işlənib hazırlanmış resirkulyasiya prosesləri nəzəriyyəsi kimya-texnologiya komplekslərinin optimallaşdırılmasına və kimyəvi proseslərin intensivləşdirilməsinə çox böyük təsir göstərib (akademik Murtuza Nağıyev, Sosialist Əməyi Qəhrəmanı).

Elmlər Akademiyasının alimləri sürtkü yağlarının keyfiyyətini və onların istismar xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıran aşqarlar alınması texnologiyasını sintez edib, onların sənaye miqyasında istehsalı təşkil olunub (akademik Əli Əliyev, 1948-ci və 1950-ci illər üçün SSRİ Dövlət mükafatları).

Dizel və reaktiv yanacaqların, aşağı özlülüklü yağların parafinsizləşdirilməsinin elmi əsasları yaradılıb, bu zəmində aşağı temperaturda soyuyan dizel yanacaqlarının və transformator yağlarının sənaye miqyasında istehsalı prosesi işlənib hazırlanıb (akademik Vahab Əliyev, 1976-cı il üçün Azərbaycan SSR Dövlət mükafatı).

Yüksək məhsuldarlıqlı Q-43-107 katalitik krekinq kompleksi yaradılıb və akademik Musa Rüstəmov tərəfindən istehsalata geniş tətbiq edilib.

Elmlər Akademiyasının alimləri Azərbaycan neft sənayesinin inkişafına sanballı töhfələr veriblər. Onlar Azərbaycan neft sənayesi mütəxəssisləri ilə birlikdə kompleks geoloji-geofiziki tədqiqatlar və qazma işlərini elmi cəhətdən əsaslandırıb, proqnozlaşdırıb və həyata keçiriblər. Dünyamiqyaslı nəhəng neft və qaz yataqları – Neft Daşları, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bahar”, “Abşeron”, “Zəfər”, “Məşəl” və başqaları kəşf edilib (akademik X.Yusifzadə, Azərbaycan Dövlət mükafatı, Ə.Əlixanov, Lenin mükafatı (1961-ci il), Ə.Əlizadə, SSRİ Dövlət mükafatları (1943, 1946-cı illər)).

Palçıq vulkanizminin təbiətinin fenomeni ilə bağlı klassik tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq bu vulkanların püskürməsi kataloqları yaradılıb, ən iri paroksizmlər ətraflı təsvir edilib, onlardan ayrılan brekçiyanın, qazın, suyun və neftin həcmi qiymətləndirilib; onların morfologiyası təsvir edilib, morfogenetik təsnifat verilib, püskürmə məhsullarının ətraflı izotopik-geokimyəvi tədqiqatı aparılıb; palçıq vulkanizminin təbii, fiziki-kimyəvi, riyazi və kompüter modelləri yaradılıb; palçıq vulkanizminin neft və qaz yataqlarının formalaşması prosesləri ilə əlaqəsi aşkar edilib, dünyada ilk dəfə “Dünya palçıq vulkanları atlası” yaradılıb (A.Yaqubov, 1942 və 1951-ci illər üçün SSRİ Dövlət mükafatı, A.Əliyev, İ.Quliyev və b., 2011-ci il üçün Azərbaycanın Dövlət mükafatı).

Selenin və tellurun müxtəlif modifikasiyalarının strukturunun və energetik spektrlərinin, onların daşınması mexanizmləri və modellərinin təyin edilməsi üzrə orijinal tədqiqatlar aparılıb, bu araşdırmalar əsasında keçmiş Sovet İttifaqında selen cihazlarının kütləvi istehsalı üzrə iri ixtisaslaşdırılmış sənaye sahəsi yaradılıb (Q.M.Abdullayev və b., Azərbaycan Dövlət mükafatları).

Elektrik keçiriciliyi, termoelektrik effektləri, qalvanomaqnetizm və termomaqnetizm nəzəriyyəsi yaradılıb, mənfi maqnit müqavimətinin yaranmasının yeni mexanizmi müəyyən edilib (F.Həşimzadə və b.).

Skeptroskopik ellipsometriya vasitəsilə xam neftin ultranazik təbəqələrinin dielektrik funksiyası müəyyən edilib. Neftin müxtəlif tiplərinin və neft məhsulları ilə çirklənmə obyektlərinin eyniləşdirilməsinin prinsipcə yeni texnologiyasının əsasları yaradılıb (Məmmədov və b.).

Özü-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi və tam kəsilməz operatorların öyrənilməsi üçün Allahverdiyevin variasiya prinsipi adlanan metod yaradılıb (1950-1970-ci illər).

Qasımov potensialları adlanan ikitərtibli periodik potensiallı adi diferensial operatorların geniş sinfinin spektral təhlili metodu təklif edilib (1960-1980-ci illər).

Koşi nüvəli sinqulyar inteqral operatorlara nisbətdə Hüseynov fəzaları adlanan invariant Banax fəzaları qurulub (1945-1965-ci illər).

Normalaşdırılmış halqalarda təyin edilmiş mücərrəd sinqulyar operatorlar nəzəriyyəsi yaradılıb (akademik Zahid Xəlilov, 1945-1965-ci illər).

Faydalı qazıntıların yerləşməsi qanunauyğunluqları müəyyən edilib və elmi cəhətdən əsaslandırılıb, Geologiya İdarəsinin geoloqları ilə birlikdə Balakən-Zaqatala, Daşkəsən və digər rayonlarda filiz və qeyri-filiz faydalı qazıntıların iri yataqları kəşf edilib.

Qafqazın ali bitkilərinin sistematikası və coğrafiyası sahəsində fundamental araşdırmalar aparılıb, nəticədə bitki resursşünaslığının yeni elmi istiqaməti yaradılıb (Aleksandr Alfonsoviç Qrossgeym, 1930-1945-ci illər, 1948-ci il üçün Stalin mükafatı).

Azərbaycanın mikroflorası sahəsində genişmiqyaslı tədqiqatlar aparılıb, bu araşdırmalar pambıq vilitinə və homozuna, üzüm tənəyinin parazit göbələklərinə qarşı mübarizə metodları işləyib hazırlamağa imkan verib (Valeri İvanoviç Ulyanişşev, 1952-1962-ci illər, 1964-cü il üçün Lenin mükafatı), torpaqların ekologiyası sahəsində tədqiqatlar isə, “Torpaqyaranmanın energetikası” adlı yeni elmi istiqamətin yaranmasına gətirib çıxarıb (Vladimir Radionoviç Volobuyev, 1958-1980-ci illər, 1967-ci və 1980-ci illər üçün SSRİ Dövlət mükafatı).

Elmlər Akademiyasının yaradılması və inkişafında idarəçilik qərarları haqqında

1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarına müvafiq olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı və bir sıra başqa elmi-tədqiqat müəssisələri bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı.

Həmin dövrdə Azərbaycanda 66-dan çox elmi müəssisə vardı, bu müəssisələrdə 1200-ə yaxın elmi işçi, o cümlədən 150 elmlər doktoru və professor, 380 elmlər namizədi və dosent çalışırdı. Buna görə də, Elmlər Akademiyasının fəaliyyətinin ilk günlərindən başlayaraq alim və mütəxəssis kadrların hazırlanması ən mühüm vəzifələrdən biri oldu. Bu məqsədlə Akademiyanın gənc əməkdaşları, Azərbaycan ali məktəblərinin məzunları çox vaxt SSRİ-nin təhsil və elmi mərkəzlərində hazırlıq keçir, dissertasiyalar müdafiə edir, öz əvvəlki yerinə, Akademiyaya qayıdandan sonra isə, elmi məktəblər və yeni elmi istiqamətlər yaradırdılar.

1945-ci il martın 31-də Akademiyanın ümumi yığıncağında məşhur həkim alim, respublikanın Əməkdar elm xadimi akademik M.Ə.Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçildi. Ş.Ə.Əzizbəyov və H.N.Hüseynov vitse-prezidentlər, M.Ə.Qaşqay və Y.H.Məmmədəliyev akademik-katiblər oldular. SSRİ Elmlər Akademiyasının prezidenti V.L.Komarov və akademik N.İ.Meşşaninov Azərbaycan Elmlər Akademiyasının fəxri üzvləri seçildilər.

İlk vaxtlarda Akademiyanın strukturunda aşağıdakı sektorlar yaradılmışdı: geologiya və kimya sektoru, fiziki-texniki elmlər və neft sektoru, biologiya və kənd təsərrüfatı elmləri sektoru, ictimai elmlər sektoru. Akademiyanın tərkibində 16 institut, 2 muzey və Mərkəzi Kitabxana birləşirdi, onun Gəncədə, Xankəndidə, Naxçıvanda və Qubada 4 bazası, habelə Təbii Tarix Muzeyi vardı.

1947-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsini Y.Məmmədəliyev tutub. Y.Məmmədəliyevin təşəbbüsü və rəhbərliyi ilə Əlyazmalar İnstitutu, Sumqayıtda kimya üzrə elmi-tədqiqat institutları yaradılmışdı. Azərbaycan Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin qurulmasında və genişlənməsində Y.Məmmədəliyevin böyük xidmətləri olub.

1952-ci il aprelin 15-də Fiziki Üsullarla Müalicə və Kurortologiya Elmi-Tədqiqat İnstitutunun təminatının, respublikanın zəngin kurort və müalicəvi mineral ehtiyatlarının öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin təşkilinin yaxşılaşdırılması və dərinləşdirilməsi məqsədilə Fiziki Üsullarla Müalicə və Kurortologiya Elmi-Tədqiqat İnstitutu Azərbaycan SSR Səhiyyə Nazirliyi sistemindən Elmlər Akademiyasının verildi.

Akademiyaya Azərbaycan paleontologiyasının banisi Musa Əliyevin rəhbərlik etdiyi illərdə (1950-1957) Yer haqqında elmlər sahəsində tədqiqatların coşqun inkişafı başlandı. Akademiyada elmin inkişafına klaster yanaşmasını qeyd etmək istərdik: neftdən, neft kimyasından, geologiyadan coğrafiyaya, Yer haqqında elmlərə, biologiyaya keçid edildi. Bu, həm də Neft Daşlarının tarixinin başlanğıcı idi. Bu dövr Azərbaycan elminin inkişafı üçün mühüm stimul oldu. Həmin dövrdə Azərbaycan alimləri təkcə Qafqazda deyil, həmçinin Orta Asiyada, Sibirdə və Əlcəzairdə də axtarış və elmi-tədqiqat işləri aparırdılar. Həmin dövrdə Bakıda bu gün hamımızın adət etdiyimiz Akademiya şəhərciyi yaradıldı. Yeri gəlmişkən qeyd edək ki, o illərdə Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində elmin ən müxtəlif sahələrini təmsil edən 21 akademik və 13 müxbir üzv vardı.

Sonra Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Genetika və Seleksiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu yaradıldı. 1960-cı ildə Azərbaycan EA Fizika İnstitutunun Astrofizika sektoru bazasında Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaradıldı.

1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti akademik Zahid Xəlilov olub. Onun rəhbərlik etdiyi dövr əsasən fizika-riyaziyyat elmlərinin üstün inkişafı ilə əlamətdar olub, Rüstəm İsmayılovun prezidentlik illəri (1967-1970) isə, texniki elmlərin inkişafına, daha dəqiq desək elm ilə sənaye arasında sıx qarşılıqlı əlaqəyə gətirib çıxarıb, bu isə Bakıda və Sumqayıtda neft-kimya kompleksinin yaradılmasında öz əksini tapıb.

1970-ci ildən 1983-cü ilə qədər Həsən Abdullayevin prezidentliyi illərində Akademiya çox nailiyyətlər qazanıb. Əlbəttə, fizika, selen, yarımkeçiricilər öz yerində, lakin Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilirdi, bu da aqrar və biologiya elmləri sahəsində tədqiqatların fəallaşmasına stimul yaradırdı. Həmin illərdə qazanılmış uğurlarda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olub. O əmin idi ki, Azərbaycanın inkişafı biliklərə, elmə, idarəçilik, mədəni və təhsil resurslarına əsaslanmalıdır. Həmin illərdə Elmlər Akademiyası şübhəsiz belə bir resurs olmuşdu. Elmlər Akademiyasının fəaliyyətinin hər cür dəstəklənməsi, dövlət sifarişlərinin uğurla yerinə yetirilməsi nəticəsində 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası Xalqlar Dostluğu ordeni ilə təltif edildi.

Ümummilli lider Heydər Əliyev və Elmlər Akademiyası (Elmlər Akademiyasından Milli Elmlər Akademiyasına)

1980-ci illərin sonundakı ziddiyyətli dövrdə və respublikamız müstəqilliyini bərpa edəndən sonrakı ilk illərdə bütün ölkə ilə bərabər Azərbaycan Elmlər Akademiyası da ciddi çətinliklərlə üzləşmişdi. Bu, çox cəhətdən onunla bağlı idi ki, ölkəyə təsadüfi adamlar rəhbərlik etməyə başlamışdılar, milli müstəqillik uğrunda mübarizə və ərazi bütövlüyü uğrunda müharibə gedirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması Akademiyaya yeni nəfəs, yeni impuls verdi, onun qarşısında yeni hədəflər və üfüqlər açıldı. 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında Heydər Əliyevin ölkə ziyalıları ilə əlamətdar görüşü Azərbaycan alimlərini yeni nailiyyətlərə ruhlandırdı. Ümummilli Lider ölkənin inkişafının əsas prioritetlərini müəyyən etdi: iqtisadiyyatın inkişafı, hüquqi dövlət qurulması, Konstitusiyanın qəbul edilməsi, çoxvektorlu xarici siyasət yürüdülməsi və s. Bu prioritetlər sırasında Elmlər Akademiyasında islahatlar, onun müstəqil dövlətin elmi mərkəzinə çevrilməsi məsələləri mühüm yer tuturdu. Əlbəttə, hər şey çətinləşmişdi, Milli Elmlər Akademiyası beynəlxalq elmi əmək bölgüsündə birbaşa iştirak etməyə başlamışdı. Bu, həm elmi əməyin təşkilində yeni səmərəli üsullar axtarışını, mütərəqqi texnologiyalar və yeni fənlərarası biliklər tələb edirdi. Bu da məlum oldu ki, Elmlər Akademiyası elmin inkişafı ilə yanaşı, həm də təhsil sisteminin, gənclərin tərbiyəsinin elmi, maarifçilik və ideoloji təminatı ilə məşğul olmalıdır. Bütövlükdə yeni olan bu funksiyalara baxmayaraq, əsas məsələ yeni biliklərə və müasir texnologiyalara yiyələnməkdən, onlardan tətbiqi tədqiqatlarda, praktikada istifadə etməkdən ibarət olmalı idi.

Görünür elə bu səbəbdən, “Biotex” Elmi-Tədqiqat Birliyi əsasında Molekulyar Biologiya və Biotexnologiya İnstitutu yaradıldı. Atom energetikasının və radiasiya texnologiyasının inkişafı ilə əlaqədar, radioekoloji nəzarətin təşkil edilməsinin, habelə bu sahədə elmi tədqiqatları genişləndirməyin vacibliyini əsas tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təklifini nəzərə alaraq Respublika Radioekologiya Mərkəzinin yaradılması barədə sərəncam verdi. Həmin illərdə Mikrobiologiya İnstitutu da yaradıldı. Azərbaycanın Beynəlxalq Astronomiya İttifaqı (BAİ) ilə əməkdaşlığı üzrə işlər davam etdirildi, o cümlədən Fizika-Riyaziyyat və Texniki Elmlər Bölməsində Astronomiya Şurası yaradıldı.

Akademik elm üçün ənənəvi olan neft haqqında elmlər sahəsində tədqiqatlar təbii ki, davam edirdi. “Əsrin müqaviləsi” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Milli Elmlər Akademiyası arasında bağlanan əməkdaşlıq və neft emalı sənayesinin inkişaf konsepsiyasının işlənib hazırlanması, xarici şirkətlər tərəfindən təqdim olunan layihələrin ekspertizasının keçirilməsi haqqında razılaşma onlara böyük təkan verdi. Elmlər Akademiyası ekoloji işlərin aparılmasında, neft və qaz kəmərləri marşrutlarının ekspertizasında fəal iştirak edirdi.

Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın inkişafında ictimai və humanitar elmlər - tarix, fəlsəfə, ədəbiyyat böyük yer tutur və gələcəkdə də bu, belə olmalıdır. Bu elmlər Azərbaycançılıq ideologiyası, mədəniyyət, gənclərin tərbiyəsi, ölkə vətəndaşlarında vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə bağlıdır. Xüsusən, Dağlıq Qarabağ münaqişəsi təkcə döyüş meydanlarında, daxili siyasətdə və beynəlxalq münasibətlərdə deyil, həm də elmdə, Ermənistan tərəfindən törədilən “yaddaş müharibələri” adlandırılan, lakin Azərbaycan Elmlər Akademiyası alimlərinin iştirakı vacib olan tarixi, ideoloji çəkişmələrdə davam edirdi. Buna görə də bu illərdə tarix, arxeologiya və etnoqrafiya, fəlsəfə və hüquq institutlarında islahatlar başladı, İnsan Haqları İnstitutu yaradıldı, daha sonra isə indiki günlərdə Hüquq və İnsan Haqları İnstitutu adlandırıldı. Məsələn, Arxeologiya və Etnoqrafiya İnstitutunda həmin illərdə tarix elmləri sahəsində kompüter və riyazi modellərin tətbiqi üzrə elmi mərkəz təşkil olundu, Azərbaycan tarixinin siyasi, sosial-iqtisadi və mədəni problemləri ilə bağlı sənədlərin toplanması, sistemləşdirilməsi və nəşri məqsədilə akademik Z.Bünyadovun sədrliyi ilə arxeoqrafiya komissiyası yaradıldı. Məhz həmin dövrdə Elmlər Akademiyasının tərkibində dahi Azərbaycan şairi Hüseyn Cavidin muzeyi yeni nəfəs, Füzuli adına Əlyazmalar İnstitutu isə geniş və çoxşaxəli fəaliyyət qazandı. Bu kontekstdə Gəncə Elm Mərkəzi, Şəki zonasının elmi bazası və Naxçıvan Elm Mərkəzinin bazalarında Gəncə, Şəki və Naxçıvan regional elm mərkəzlərinin əhəmiyyəti və yaranması bu kontekstdə aşkardır. Bu elm mərkəzləri müstəqil elmi müəssisələr kimi bilavasitə Elmlər Akademiyası Rəyasət Heyətinin səlahiyyətinə verilmişdi.

1996-cı ildə Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi üzrə Milli Komitə və Azərbaycanın ekoloji problemləri üzrə Birgə Şura yaradılıb. Şuranın əsas vəzifəsi elm müəssisələrində ekoloji tədqiqatların koordinasiyası və Azərbaycan Respublikasının ekoloji problemlərin həlli üzrə strategiyalarının elmi əsaslarının işlənib hazırlanması idi.

1998-ci ildə Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə əhəmiyyətli dəyişikliklər edilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin artırılması, biblioqrafik informasiya xidmətinin səmərəliliyinin təmin edilməsi məqsədilə akademik Ç.Quliyevin sədrliyi ilə Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Kitabxana Şurası yaradıldı. Sonralar, 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlanıldı və 2014-cü ilin mayında başa çatdı. Prezident İlham Əliyevin tapşırığı ilə kitabxananın yeni binası ən müasir avadanlıqla təchiz olundu.

2001-2013-cü illərdə Milli Elmlər Akademiyasına akademik Mahmud Kərimov rəhbərlik edirdi. Məhz həmin illərdə Akademiyanın inkişafında yeni mərhələ başladı. Dövlətimizin başçısı Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Akademiyanın adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası adlandırıldı. 2001-ci ildə Akademiyada genişmiqyaslı struktur dəyişiklikləri aparıldı. Xüsusilə, İctimai Elmlər Bölməsi Ədəbiyyat, Dil və İncəsənət Bölməsi ilə birləşdirildi, nəticədə Humanitar və İctimai Elmlər Bölməsi yarandı ki, bu da şübhəsiz, dünyada bu elmlərin qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, onların inkişafına xidmət etdi.

2002-ci il, həmçinin bir sıra mühüm struktur dəyişiklikləri və yeniliklərlə yadda qaldı. Məsələn, AMEA-nın Rəyasət Heyətinin iclaslarında EA-nın Rəyasət Heyətinin nəzdində akademik M.Kərimovun sədrliyi ilə Redaksiya-Nəşriyyat Şurasının yaradılması haqqında, habelə Geologiya İnstitutunun nəzdində “Nüvə silahlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə”yə əsasən Milli İnformasiya Mərkəzi yaradılması barədə qərarlar qəbul olundu. Bu mərkəzin funksiyası qlobal seysmik məlumatların toplanması, təhlil edilməsi və mübadiləsidir.

2002-ci ilin may ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri haqqında” Qərarı qəbul edildi. Həmin qərara əsasən Fizika İnstitutu, Kimya Problemləri İnstitutu, habelə Fəlsəfə və Hüquq, Milli Münasibətlər, İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutları əsasında Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu yaradıldı (2008-ci ildə bu institutun adı dəyişdirilərək Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlandırıldı). Elə həmin dövrdə radiasiya tədqiqatları sektoru əsasında Radiasiya Problemləri İnstitutu və İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin bazasında İnformasiya Texnologiyaları İnstitutu yaradıldı.

2002-ci ilin avqustunda Prezident Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında Fərman verdi. Bu bölməyə Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioloji Ehtiyatlar İnstitutları, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası daxil oldu. Həmin Fərman əsasında AMEA-nın Rəyasət Heyəti Naxçıvan Bölməsinin Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda hüquqi şəxs statuslu qurum kimi təsdiq olunması barədə qərar qəbul etdi.

2003-cü ilin yanvarında Prezident Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi və prezidenti haqqında fərmanlar imzaladı. Bu, AMEA tarixində çox mühüm hadisə oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında Fərmanın mahiyyəti Akademiyaya müstəqil Azərbaycan Respublikasının elmi və elmi-texniki siyasətinə görə tam məsuliyyət daşıyan, ölkənin bütün elmi müəssisələrinin və universitetlərinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, habelə elmi fəaliyyət sahəsində Azərbaycanı xaricdə təmsil edən ali dövlət statusu verilməsindən ibarət idi. Beləliklə, həmin Fərman elmi-texniki siyasətin həyata keçirilməsində Akademiyanın rolunu və səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirdi.

Azərbaycan EA Rəyasət Heyətinin AMEA Mərkəzi Elmi Arxivi bazasında “Azərbaycanın elmi irsinin toplanması və sistemləşdirilməsi şöbəsinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Elmlər Akademiyası yanında “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi bazasında “Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzinin yaradılması haqqında qərarları da Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı yolunda mühüm mərhələlər oldu. AMEA Rəyasət Heyəti yanında Elm Muzeyinin yaradılması haqqında AMEA Rəyasət Heyətinin 2011-ci il 14 fevral tarixli qərarı Azərbaycan elminin nailiyyətlərinin akkumulyasiyası sahəsində inkişafın davamı oldu.

Prezident İlham Əliyevin islahatlar kursu və AMEA-nın inkişafı

Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində bu prinsipi əsas götürür ki, müasir dövr islahatlara istiqamətlənməyi tələb edir. Bu islahat iqtisadiyyatın, habelə dövlətin və cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etməlidir. Aydındır ki, bu cür islahatçılıq elmdən, oraya mütərəqqi texnologiyaların, koqnitiv və idarəçilik texnologiyalarının tətbiq edilməsini, elmi kadrların işinin səmərəliliyinin artırılmasını, sonra isə bu mütərəqqi texnologiyalardan iqtisadiyyatın, təhsilin, hərbi işin digər sahələrində də istifadə edilməsini gözləyir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən bu günə qədər Milli Elmlər Akademiyası çərçivəsində institutların, şöbələrin və laboratoriyaların strukturunun dəyişdirilməsi, həmçinin elmi-tədqiqat vahidlərinin formalaşması üzrə vaxtaşırı tədbirlər görülür.

Məsələn, 2010-cu ilin aprelində AMEA Rəyasət Heyətinin qərarına əsasən, baş redaktor, akademik M.Kərimovun rəhbərliyi ilə “Azərbaycan Mühacirət Ədəbiyyatı Kitabxanası” adlı beynəlxalq redaksiya yaradıldı. 2011-ci ilin aprelində AMEA-nın strukturunda “Aqrar elmlər” və “Tibb elmləri” bölmələri yaradıldı. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 17 elmi-tədqiqat müəssisəsinin və təşkilatının elmi fəaliyyətinə elmi-metodik rəhbərlik AMEA Aqrar Elmlər Bölməsinə, Səhiyyə Nazirliyinin tabeliyində olan 14 elmi-tədqiqat müəssisəsinin və təşkilatının elmi fəaliyyətinə elmi-metodik rəhbərlik isə AMEA Tibb Elmləri Bölməsinə həvalə edildi.

2013-cü ilin aprelində AMEA-nın prezidenti vəzifəsinə Azərbaycan Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti Akif Əlizadə seçildi.

Azərbaycan Respublikası Prezidentinin AMEA Göytəpə Arxeologiya Parkının layihələşdirilməsi və tikintisi barədə 2012-ci il 18 aprel tarixli Sərəncamına əsasən, 2013-cü ildə Humanitar və İctimai Elmlər Bölməsinə Göytəpə Arxeoloji Kompleksində aşkar edilmiş qədim tikililərin elmi əhəmiyyətinin müəyyənləşdirilməsi üçün müstəqil xarici ekspertlər cəlb olunmaqla komissiya yaradılması barədə tapşırıq verildi.

Yenə həmin ildə AMEA Rəyasət Heyətinin elmin idarə edilməsi sisteminin təkmilləşdirilməsi barədə qərarları həyata keçirildi. Məsələn, AMEA Rəyasət Heyətinin strukturunda əvvəlki bir neçə təşkilati vahidin əvəzinə: Elmi-Təşkilati Şöbə, Elmi Tədqiqatlar Şöbəsi, Elmi Analitik Şöbə, Beynəlxalq Münasibətlər Departamenti, Xarici Akademik Müəssisələrlə Əlaqələr Şöbəsi, Təhsil və Kadrlar Departamenti, Hüquq Şöbəsi, İnnovasiyalar Şöbəsi, İctimaiyyətlə Əlaqələr Departamenti və Ümumi Şöbə yaradıldı. Müasir dünya standartlarına uyğun olaraq, AMEA elmi institutlarının əsas elmi istiqamətlərini, təşkilati strukturunu, maliyyələşdirmə mənbələrini, elm və innovasiya sahələrində nailiyyətlərini qiymətləndirməyə imkan verən meyarların müəyyən edilməsi üzrə komissiya yaradıldı. 2013-cü ilin noyabrında AMEA Rəyasət Heyəti yanında İnnovasiyalı Layihələrin Ekspertizası və Koordinasiyası üzrə Şura yaradıldı.

AMEA-nın bəzi institutlarında yeni şöbələr yaradılması ilə yanaşı, 2013-cü ilin payızında Gəncə Regional Elmi Mərkəzi bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi təsis olundu.

Yenə 2013-cü ildə AMEA Rəyasət Heyəti yanında H.Zərdabi adına Mətbuat Muzeyi, AMEA-nın gənc alim və mütəxəssislər şurası yaradıldı.

2014-cü ildə AMEA-nın strukturunda bir sıra təşkilati tədbirlər həyata keçirildi. Məsələn, aşağıdakı institutlar yaradıldı: Molekulyar-Biologiya və Biotexnologiya İnstitutu (AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi), Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu və Qafqazşünaslıq İnstitutu (AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi), Neft və Qaz İnstitutu (AMEA-nın Yer haqqında Elmlər Bölməsi). AMEA-nın Fizika İnstitutu çərçivəsində Biofizika və Smart Materiallar Mərkəzi yaradıldı, 2014-cü ilin oktyabr ayında isə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası yanında Təbii Tarix Muzeyi yaradıldı.

2014-cü ilin iyununda Azərbaycan Respublikası Prezidentinin “Birgə beynəlxalq elmi laboratoriyaların yaradılması haqqında” Fərmanı dərc edildi. Bu Fərmanın icrası məqsədilə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə İtaliyanın Milli Tədqiqat Şurasının Ekoloji Analizin Metodologiyası İnstitutu arasında 2014-cü ildə imzalanmış müqavilə çərçivəsində “Zəlzələlərin vaxtının, təhlükə dərəcəsinin məkanda təhlili laboratoriyası” yaradıldı. AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Massaçusets Texnologiya İnstitutu arasında imzalanmış sazişə müvafiq olaraq, “Yer qatının müasir hərəkətləri və geodinamik təhlükələr laboratoriyası” təsis edildi. Beynəlxalq sazişlər çərçivəsində, həmçinin aşağıda sadalanan birgə elmi təşkilatlar yaradıldı: Respublika Seysmoloji Xidmət Mərkəzində Missuri-Kolumbiya Universitetinin Geologiya Elmləri Departamenti ilə müştərək “Yer qatının seysmikliyi” beynəlxalq laboratoriyası, Botanika İnstitutunda Frankfurtdakı İohann Volfqanq Höte Universitetinin Almaniya Ekologiya, Təkamül və Müxtəliflik İnstitutu ilə birlikdə “Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyası, həmçinin Ayova Dövlət Universiteti və Amerika Dövlət Elm və Texnika Universiteti ilə saziş əsasında Botanika İnstitutunda “Meşə mikologiyası və patologiyası” laboratoriyası.

2014-cü ildə İctimaiyyətlə əlaqələr şöbəsi əsasında AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi təşkil edildi. Bu idarənin tərkibinə “Elm” qəzetinin, “Elm və həyat” jurnalının redaksiyaları, science.az veb-portalı və ictimaiyyətlə əlaqələr şöbəsi daxil edildi.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli Fərmanına uyğun olaraq, müvafiq tədbirlər keçirilib. Məsələn, AMEA-nın təsdiq edilmiş yeni Nizamnaməsinə əsasən, Humanitar və İctimai Elmlər Bölməsinin strukturu dəyişdirilib.

Nəticədə humanitar elmlər və ictimai elmlər bölmələri yaradılıb. Humanitar Elmlər Bölməsinə aşağıda qeyd olunan institutlar daxil edilib: Nizami adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, M.Füzuli adına Əlyazmalar, Folklor institutları, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin ev-muzeyi. İctimai Elmlər Bölməsinə A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi daxil edilib.

2016-cı ildə AMEA-nın Kənd Təsərrüfatı Elmləri Bölməsinin və onun müəssisələrinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birləşməsi nəticəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanının 2.5-ci bəndinə və “Elm haqqında” Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasına dövlət elmi təşkilatı statusu verilib. Bu statusa görə, AMEA Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və dəstəkləyən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən dövlət elmi təşkilatıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 iyul tarixli qərarına əsasən AMEA-nın strukturunda Biofizika İnstitutu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən AMEA-nın Yüksək Texnologiyalar Parkı və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

AMEA Rəyasət Heyətinin 2016-cı il 7 sentyabr tarixli qərarına əsasən “Elm və Təhsil” İdarəsinin strukturunda magistr bölməsi yaradılıb, AMEA Rəyasət Heyətinin “Təhsil” İdarəsinə isə Doktorantura şöbəsi adı verilib.

2016-cı ildə AMEA Rəyasət Heyətinin yanında Müəllif hüquqları və patentlər şöbəsi, Fənlərarası analitik mərkəz və Alimlər evi kimi mühüm bölmələr yaradılıb ki, onların fəaliyyəti AMEA-nın elmi-innovativ nailiyyətlərinin irəlilədilməsinə, habelə Akademiyanın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılmasına yönəlib.

2017-ci ildə AMEA-nın müxtəlif strukturlarının fəaliyyəti başlıca olaraq dövlətimizin həyatında müdafiə, energetika, ekologiya və respublikanın ərzaq təhlükəsizliyi kimi strateji istiqamətlərin elmi bazasının təmini və gücləndirilməsi üzərində cəmlənib. İnnovativ fəaliyyətin genişləndirilməsinə, qloballaşma şəraitində Azərbaycan dilinin qorunmasına və inkişafına, respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından ölkədə demoqrafik vəziyyətin kompleks öyrənilməsinə xüsusi diqqət ayrılıb. Həmçinin sənayenin və kənd təsərrüfatının inkişafında elmin rolunun yüksəldilməsinə yönəldilmiş layihələr davam etdirilib.

“Elm haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq Elmlər Akademiyasının müxtəlif strukturlarında ölkədə elmi-təşkilati strukturun və hüquqi bazanın təkmilləşdirilməsinə, elmi fəaliyyətin əlaqələndirilməsinə, innovativ fəaliyyətin genişləndirilməsinə, elm və təhsil arasında inteqrasiyanın gücləndirilməsinə və s. diqqət artırılıb.

Müxtəlif qrant proqramları və mərkəzlərinin (Erasmus+, Horizon-2020, Avropa Meşə İnstitutu, Botanika Bağları Beynəlxalq Şurası, Folksvagen Fondu, Rumıniya Milli Təhsil Mərkəzi, Norveç Təhsil Sahəsində Beynəlxalq Kooperasiya Mərkəzi və s.) dəstəyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşları Avropa, Amerika, Asiya, Afrika və MDB-nin müxtəlif ölkələrində keçirilən beynəlxalq treninqlərdə və elmi forumlarda iştirak ediblər, həmçinin elmi laboratoriyalarda birgə tədqiqatlar aparıblar.

AMEA-nın Yüksək Texnologiyalar Parkı xarici təşkilatlarla sıx əməkdaşlıqda innovativ ekosistemin qurulması istiqamətində işlər həyata keçirib. “YT Park”ın və “Erciyes” (Türkiyə) Texnoparkının birgə innovativ layihələrinin reallaşdırılması üzrə işçi qrupu yaradılıb, Çin-Rusiya innovasiya texnoparkı ilə elmin kommersiyalaşdırılmasına yönəldilmiş memorandum imzalanıb, AMEA-nın “YT Park” biznes-inkubasiya mərkəzində Azərbaycan-Çin Texnologiyaların Transferi Mərkəzi yaradılıb.

2017-ci ildə təşəkkülün fəlsəfi aspektləri, informasiya cəmiyyətinin inkişafı və aktual problemləri, informasiya cəmiyyətində həyat tərzi və miqrasiya prosesləri (sosial-fəlsəfi təhlil), milli-mənəvi dəyərlərə fəlsəfi yanaşma, Azərbaycanda biliklər cəmiyyətinin yaradılmasında İKT-nin rolu, NBIC texnologiyaları nəticəsində sosial-mədəni mühitdə baş verə biləcək dəyişikliklər və digər bu kimi vacib mövzuları əhatə edən multidissiplinar xarakterli geniş elmi-tədqiqat işləri aparılıb.

Həmçinin 2017-ci ildə “AzScienceNet” şəbəkəsi infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli istifadə üzrə tədbirlər həyata keçirilib. Avropanın onlayn-elmi və təhsil mühitinə inteqrasiya üçün “AzScienceNet” şəbəkəsinin 1,5 Gbit/san sürətlə pan-Avropa elmi-təhsil şəbəkəsinə (GEANT) qoşulması təmin edilib. “AzScienceNet” şəbəkəsinin Data mərkəzində AMEA-nın elmi müəssisələrinin və təşkilatlarının veb-resurslarının saxlanılması və hostinq xidmətlərinə dəstək göstərilməsi üzrə işlər aparılıb.

2017-ci ildə The SCImago Institutions Rankings (SIR) təşkilatının reytinq sırasında müsbət dinamika müşahidə edilib. AMEA-nın elmi müəssisələrinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsində Web of Science və SCOPUS kimi nüfuzlu elmi platformaların məlumatlarından istifadə edilir.

2018-ci ildə AMEA-nın Biofizika İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birlikdə “Molekulyar və hüceyrə onkologiyası” laboratoriyası yaradılıb. Elə həmin ildə AMEA-nın Rəyasət Heyəti tərəfindən Botanika İnstitutunun elmi nəşri olan “Plant & Fungal Research” jurnalının redaksiya heyəti təsdiq edilib.

2018-ci ildə Rəyasət Heyətinin qərarları ilə nanotexnologiyalar və nanostrukturlar, intellektual texnologiyalar və sistemlər, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, kataliz və yeni materiallar kimyası, neft-kimya, üzvi sintez, molekulyar biologiya, gen mühəndisliyi, bioloji təbabət, Azərbaycanda sosial və etnik proseslərin tədqiqi, qlobal iqtisadi, siyasi və hüquq amillərinin respublikamıza potensial təsirinin proqnozlaşdırılması kimi mühüm istiqamətləri əhatə edən elmi-tədqiqat proqramları təsdiq edilib.

Beləliklə, ölkəmizdə elmin inkişafı Azərbaycan Prezidentinin islahatlar kursu ilə sıx birləşib. Buna görə də elmi-innovativ inkişaf prioritet vəzifəyə çevrilib, çünki islahatlar və innovasiyalar, yaradıcı təfəkkürün zənginləşdirilməsi öz aralarında qırılmaz surətdə bağlıdır. Bu səbəbdən də AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasının möhkəmləndirilməsi, mövcud elmi-texniki potensialın qorunub saxlanması üçün müvafiq tədbirlər görüb, ölkənin sosial-iqtisadi problemlərinin həlli və milli dövlətçiliyin möhkəmləndirilməsi üzrə təxirəsalınmaz istiqamətləri müəyyənləşdirib. AMEA-nın alimləri fənlərarası və sahələrarası elmi tədqiqatlarda fəal iştirak edirlər ki, bu da elmi sahələrin inteqrasiyasına və yeni müasir baxışlar sisteminin formalaşmasına kömək edir.

Elmin, ideologiyanın və yenilənmənin istiqamətləri haqqında

2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçildi. Bu fakt AMEA-nın inkişafında yeni mərhələnin başlanmasına dəlalət edir.

Bu gün sivilizasiya informasiya epoxasına daxil olub, onu üçüncü sənaye inqilabı da adlandırırlar. İstehsal, həyat fəaliyyəti, biliklər kimi anlayışların özü dəyişir. Texnoloji kəşflər dünya və yerli bazarlarda strukturu və tələbatı köklü surətdə dəyişir. Biz artıq əvvəlkindən tamamilə fərqli texnoloji, sosial və mədəni reallıqda yaşayırıq.

Rəqəmsal və nanotexnologiyalar, süni intellekt və robototexnika, regenerativ təbabət və elmin digər nailiyyətləri gündəlik reallığa çevrilir, nəinki ətraf mühiti, həm də insanın özünü, onun şüurunu və davranışını dəyişir.

Əlbəttə, dünya səviyyəsində zəngin neft və qaz ehtiyatlarına malik olan ölkəmiz özünün etibarlı strateji tərəfdaşlıq və enerji sahəsində qarşılıqlı səmərəli beynəlxalq əməkdaşlıq siyasətindən bir addım da geri çəkilməyəcək. Bununla yanaşı, görünür ki, karbohidrogen iqtisadiyyatının dominantlığı epoxası sona çatır. Yeni era başlanır. Bu erada insanın həyat fəaliyyəti neftə və qaza deyil, digər mənbələrə, o cümlədən bərpaolunan enerji mənbələrinə, biliklərə və sosial kapitala yeni münasibətə, innovativ inkişafın əsas mənbələrinə daha çox əsaslanacaq.

Bu gün öz təbii zənginliyimizə də, insana da münasibətimizi yenidən dərk etməyimiz prinsip etibarilə çox vacibdir. Biz onları düzgün idarə etməliyik, ən başlıcası isə ölkəmizin təbii zənginliklərini dayanıqlı iqtisadi yüksəlişə, insan inkişafına və resursları qoruyan texnologiyalara maksimum səmərəli dərəcədə çevirməliyik.

Biz ekoloji cəhətdən təmiz əraziyə malikik və ekoloji cəhətdən təmiz ərzaq məhsulları istehsal edə bilərik. Bizim kənd təsərrüfatı istehsalında keyfiyyətli sıçrayış etməyə gücümüz tamamilə çatır.

Dünya kəskin dünyagörüşü və dəyərlər böhranını yaşayır. Buna görə də bizə dəyərlərimizin və ənənələrimizin müasir kreativ təfəkkürlə mövcudluğunun modusunu tapmaq, Azərbaycançılıq ideologiyasını yeni biliklərlə zənginləşdirmək prinsip etibarilə vacibdir. Biz bilirik ki, qloballaşma hətta milli ideyanın və təfəkkürün sürətli inkişafına, onun çoxmədəniyyətlilik ideyaları ilə sintezinə, müxtəliflik və birlik arasında həmrəyliyə tez-tez səbəb olur.

AMEA-nın ideoloji fəaliyyətində Azərbaycan Prezidenti İlham Əliyevin kursuna fəal kömək etmək, ölkənin etnik özünəməxsusluğunu və polikonfessionallığını özünün üstünlüklərindən birinə çevirmək lazımdır.

Əslində, dünyada çoxsaylı münaqişələr dövlətin gücünün mədəniyyətlərin və dinlərin yanaşı yaşaması ilə əlaqədə olması reallığını dəyişmir. Ölkəmiz yalnız digər mədəniyyətlərlə dialoq çərçivəsində gələcəkdə uğur və təsirə nail ola bilər. Hətta bu dialoq elmi mərkəzlərin əməkdaşlığı kontekstində elmin də inkişafına kömək edəcək. XXI əsrdə bizim elmimiz Azərbaycanın öz inkişaf kursunu davam etdirməsi, regional lider mövqeyini möhkəmləndirməsi və Şərqlə Qərbin, Şimalla Cənubun qarşılıqlı təsirinin fəal iştirakçısına çevrilməsi məqsədinə var qüvvəsilə uyğun olmalıdır.

Buna görə də Azərbaycanda elmin inkişafı haqqında qəbul etdiyimiz proqram onun yaxın on ildə başlıca istiqamətlərini müəyyənləşdirir. Bu sıraya aşağıdakılar daxildir:

-elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi;

-struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi;

-elmi infrastrukturun modernləşdirilməsi;

-elmi işçilərin attestasiyasının keçirilməsi, elmi kadrların hazırlıq keyfiyyətinin və elmi fəaliyyətin qiymətləndirilməsi sisteminin daha da yaxşılaşdırılması;

-elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi;

-elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi;

-AMEA-nın xarici əlaqələrinin inkişafı.

Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

  • Paylaş: