Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2020 17:01
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Martın 17-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamına uyğun olaraq, bölməyə daxil olan elmi müəssisələrdə dezinfeksiya işlərinin aparıldığını, bir sıra zəruri tədbirlərin görüldüyünü bildirib. O, virusun yayıldığı ilk vaxtlardan BTEB tərəfindən maarifləndirici tədbir və seminarların təşkil olunduğunu vurğulayıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin "Elmi istiqamətlər üzrə elmi şuralar haqqında" 13 mart 2020-ci il tarixli 108 nömrəli sərəncamının icrası ilə bağlı müzakirələr aparılıb, müəyyən təkliflər səsləndirilib, müvafiq rərar qəbul edilib.

Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 24 fevral 2020-ci il tarixli Sərəncamından da bəhs olunub. Sərəncamın AMEA-ya aid edilmiş müvafiq bəndlərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sözügedən sərəncamdan irəli gələn məsələlər Humanitar və İctimai Elmlər Bölməsi ilə birgə işlənib hazırlanacaq.  

Daha sonra AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun 5 cildlik “Azərbaycan dendroflorası” kitabının Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilməsi məsələsi müzakirə edilib. Kitabın Dövlət Mükafatına təqdim olunması barədə qərar qəbul edilib.

İclasda, həmçinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutu əməkdaşlarının (Ş.Bayramov, N.Quliyev, C.Əliyev) “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənməsi” əlyazmasının nəşrə təqdim olunması məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Sonda BTEB üzrə bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: