www.science.az
03.03.2020 09:00

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq AMEA üçün böyük əhəmiyyət kəsb edir

Martın 2-də AMEA Rəyasət Heyətində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə görüşüblər.

Prezident İlham Əliyevin elm siyasətinin həyata keçirilməsində AMEA-nın rolundan danışan akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan genişmiqyaslı islahatlardan bəhs edib. Azərbaycanla Rusiya, eləcə də digər MDB ölkələrinin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən alim BNTİ ilə elmi əməkdaşlıq perspektivlərinin önəmini xüsusi vurğulayıb.

AMEA rəhbəri fundamental və təcrübi tədqiqatlarla məşğul olan, dünyaca məşhur elmi mərkəzlə əməkdaşlığın əhəmiyyətini önə çəkərək, bugünkü görüşün iki qurum arasındakı elmi əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib. 

Sonra Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov son vaxtlar AMEA ilə əlaqələrin kifayət qədər genişləndiyini bildirərək, Rusiya-Azərbaycan elmi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib. Nazir müavini son illər Rusiyada bir sıra elmi istiqamətlər üzrə həyata keçirilən layihələr barədə də məlumat verib.

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyev və Qazaxıstan Respublikasının BNTİ-nin səlahiyyətli nümayəndəsi, müxbir üzv Erqazi Kenjin də çıxış edərək əməkdaşlıq əlaqələrinin inkişafına dair fikirlərini bölüşüblər.

Daha sonra “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.

Akademik Ramiz Mehdiyev tədbirdə çıxış edərək Azərbaycanla Rusiya arasındakı mövcud elmi əlaqələri yüksək qiymətləndirib.

Akademik Qriqori Trubnikov isə çıxışında ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açıb, AMEA-da keçirilən tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib.

Müşavirədə akademik Viktor Matveyev, müxbir üzv Erqazi Kenjin, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Adil Qəribov, özbəkistanlı nümayəndə Ənvər İnoyatov, BNTİ-nin Maliyyə-iqtisad idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru Mixail Vasilyev və başqaları məruzələrlə çıxış ediblər.

Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşdə AMEA Rəyasət Heyətinin üzvləri, ali təhsil müəssisələrinin rektorları, bir sıra ölkələrin səfirləri, xarici ölkələrin səlahiyyətli nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.