Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli sənətşünas alim Rəna Məmmədovanı 70 illik yubileyi münasibətilə təbrik edirik!
26.02.2020 16:45
  • A-
  • A
  • A+

Görkəmli sənətşünas alim Rəna Məmmədovanı 70 illik yubileyi münasibətilə təbrik edirik!

Fevralın 27-də Azərbaycan sənətşünaslıq elminin inkişafına mühüm töhfələr vermiş görkəmli alim, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 yaşı tamam olur.

Rəna Azər qızı Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini, 1973-cü ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. 1978-ci ildə AMEA-nın Memarlıq və İncəsənət  İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1990-cı ildən həmin müəssisənin İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiridir. 

O, 1981-ci ildə “Üzeyir  Hacıbəylinin sonata formasının meydana gəlməsində muğamın məqam-intonasiya qanunauyğunluqlarının rolu” adlı namizədlik, 1990-cı ildə Kiyev Konservatoriyasında “Azərbaycan muğamı: təşəkkül və fəaliyyət mənbələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. R.Məmmədova sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı qadın musiqişünasdır. O, 1955-ci ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alimin incəsənətin qarşılıqlı əlaqələri, müqayisəli sənətşünaslıq, musiqi türkologiyası və digər istiqamətlərdəki araşdırmaları musiqi fikir tariximizin, eləcə də mədəniyyətimizin tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Onun əldə etdiyi elmi nailiyyətlər “Azərbaycan muğamlarının musiqi estetik xüsusiyyətləri”, “Azərbaycan muğamında funksionallıq problemləri”, “Muğam-sonata qovşağı”, “Azərbaycan muğamı”, “Azərbaycan musiqi teatrının tarixindən”, “Musiqi türkologiyası”, “Etnomusiqişünaslıq üzrə oçerklər”, “Azərbaycan musiqisinin nəzəri problemləri” adlı kitablarda, o cümlədən respublika və xarici ölkələrdə nəşr olunmuş 300-dən çox elmi məqalədə əksini tapıb. Sənətşünas alimin rəhbərliyi altında 30-a yaxın fəlsəfə və elmlər doktoru yetişdirilib.

Rəna Məmmədova Rusiya Pedaqoji və Sosial  Elmlər Akademiyasının həqiqi üzvü, “Rusiya kulturologiyası” şəbəkə cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, “Simurq” Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin, eləcə də bir çox respublika elmi jurnallarının redaksiya heyətinin üzvüdür. O, rəhbərlik etdiyi şöbə tərəfindən hazırlanan “Müqayisəli sənətşünaslıq” toplusunun redaktoru olub.

Sənətşünas alim Azərbaycan kütləvi informasiya vasitələrinin Həmkarlar İttifaqının “Xalqın nüfuzlu ziyalısı”, “Qızıl qələm”, “Azərbaycan bayrağı” mükafatlarını qazanıb, “Simurq” Mədəniyyət Assosiasiyasının diplomu ilə təltif olunub, həmçinin “Simurq” beynəlxalq medalına layiq görülüb.

AMEA-nın müxbir üzvü Rəna Məmmədovanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, Azərbaycan sənətşünaslıq elminin inkişafında yeni nailiyyətlər arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: