Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2020 14:46
  • A-
  • A
  • A+

AMEA-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 20-də AMEA-nın Azad Həmkarlar İttifaqı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.

Akademik İsa Həbibbəyli Xocalı faciəsinə hüquqi və siyasi qiymətin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır. 

AMEA-nın birinci vitse-prezidenti bu yaxınlarda Prezident İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsini xatırladaraq, bu görüşdə dövlət başçımızın qətiyyətli çıxışından bəhs edib. Bildirib ki, həmin görüşdə Prezident İlham Əliyev N.Paşinyana hadisənin reallıqları ilə bağlı əsaslı cavab verib, Azərbaycanın haqq səsinin dünyada ucaldıldığını vurğulayıb.

İ.Həbibbəyli ölkə rəhbərliyi tərəfindən itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir.

Alim dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində AMEA-da da mühüm işlərin görüldüyünü, dissertasiyaların yazıldığını, çoxsaylı kitab və monoqrafiyaların nəşr olunduğunu və dünyanın bir sıra dillərinə tərcümə edildiyini bildirib.

Tədbirdə Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Ziba AğayevaArxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və digərləri çıxış edərək ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib, Xocalı soyqırımının insanlığa qarşı misli görünməmiş faciə olduğunu söyləyiblər.

Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: