Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İnformasiya Texnologiyaları İnstitutu ilə TÜBİTAK arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
17.02.2020 10:27
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutu ilə TÜBİTAK arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzinin (TÜBİTAK-BİLGEM) vitse-prezidenti Orxan Muradoğlu və Mərkəzin Proqram Təminatı Texnologiyaları Tədqiqat İnstitutunun direktoru Cemil Sağıroğlu ilə görüşüb.

Görüşdə akademik Rasim Əliquliyev TÜBİTAK ilə AMEA-nın elmi müəssisələri arasında uzun illərdir davam edən əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, rəhbəri olduğu institutda Data Mining və Big Data analitika, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, kiberfiziki sistemlərin təhlükəsizliyi sahəsində fundamental işlər görülür.

R.Əliquliyev ötən ay Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının ölkə Prezidenti İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Alim institutda Industry 4.0 konsepsiyası və süni intellekt sahəsində tədqiqatların aparıldığını, prioritetlərin müəyyən edildiyini bildirib.

Daha sonra TÜBİTAK-BİLGEM-in vitse-prezidenti Orxan Muradoğlu təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, İnformasiya Texnologiyaları İnstitutunda Industry 4.0 konsepsiyasının çağırışlarına cavab verən innovativ tədqiqatların aparılmasının önəmini qeyd edib.

Görüşdə sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi, Big Data, Dördüncü Sənaye İnqilabı, süni intellekt, kiberfiziki təhlükəsizlik üzrə tədqiqatlar istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: