www.science.az
13.02.2020 15:07

Azərbaycanda yeni quş növü tapılıb

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı Hüseyn Rəsulzadə muxtar respublikanın Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Bozumtul çalağanı aşkar edib.

Bozumtul çalağan yırtıcı quş olub qırğılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına görə, faunamızın yeni sakini Afrikada, İspaniyanın cənubunda, Hindistanda açıq landşaftlarda, otlu düzlərdə və seyrək meşəliklərdə az saylı növ olub, oturaq həyat tərzi keçirir. Orta boylu quşun kütləsi 220-250 qramdır. Mavi göyümtül kürək, açıq kül rəngli boz döş, xüsusən uçuş zamanı aydın nəzərə çarpan tünd qırmızı gözlər çalağanı cinsin digər növlərindən fərqləndirən əsas əlamətlərdir. Fəal ovçu olan bu quş başlıca olaraq gəmiricilərlə qidalanır. 

Bozumtul çalağanın həyat tərzinin, bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.